Hərbi ekspert Ədalət Verdiyev İrəvanda 44 günlük müharibədə iştirak etmiş Albert Ovannisyanın xatirəsinə yaradılan ev-muzeyini tənqid edərək bunun müharibənin və onun iştirakçılarının təbliğinə xidmət etdiyini bildirib.
MSNews.az xəbər verir ki, Verdiyev bu barədə açıqlamasında İrəvanın Varşavyan küçəsi 15 ünvanında yerləşən muzeyə münasibət bildirib. Ekspertin fikrincə, belə təşəbbüslər Azərbaycanla Ermənistan arasında sülh prosesinin ruhuna uyğun deyil.
“Albert Ovannisyanın ev-muzeyinin açılması Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin və bu müharibədə iştirak edənlərin təbliğ edilməsi məqsədi daşıyır”, – Verdiyev deyib.
Albert Ovannisyan 2020-ci il müharibəsində artilleriyaçı kimi xidmət edib. Onun döyüş zamanı çəkilmiş fotosu Ermənistan mediasında və rəsmi informasiya resurslarında geniş yayılıb. Ovannisyan 2021-ci ildə ölümündən sonra qondarma “Artsax qəhrəmanı” tituluna layiq görülüb.
Verdiyev isə Ovannisyanın obrazının Ermənistan tərəfindən simvollaşdırıldığını düşünür:
“İndi isə Ermənistan rəhbərliyi Albert üçün muzey açmaqla onu təkrar qəhrəmanlaşdırmağa çalışır”, – hərbi ekspert bildirib.
Ekspert Ermənistan tərəfinin bu kimi addımlardan çəkinməli olduğunu vurğulayıb:
“Əgər Ermənistan rəhbərliyi Azərbaycan ilə sülh əldə etməkdə maraqlıdırsa, Azərbaycana qarşı təbliğat vasitələrindən əl çəkməlidir”, – Verdiyev qeyd edib.
O, Azərbaycan mediasını, ictimai şəxsləri və müstəqil ekspertləri də bu kimi məsələlərə diqqətsiz qalmamağa çağırıb.
Qeyd edək ki, Albert Ovannisyan müharibənin ilk günlərində şanlı ordumuz tərəfindən məhv edilib. Ermənistan mediasının məlumatına görə, Albert Ovannisyanın ev-muzeyi 15 sentyabr 2025-ci ildə, onun doğum günündə ailəsi tərəfindən yaradılıb. Muzey İrəvan şəhərinin Varşavyan küçəsi 15 ünvanında yerləşir. Açılışla bağlı mövcud məlumatlarda muzeyin Ermənistan hökuməti tərəfindən yaradıldığı deyil, Ovannisyanın ailəsinin təşəbbüsü olduğu bildirilir.