Prezident İlham Əliyev “Euronews”a müsahibə verib

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində WUF13, Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və Hörmüz böhranı barədə danışıb.

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibədə Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və Hörmüz böhranının mümkün təsirləri barədə danışıb. Prezidentin rəsmi saytının məlumatına görə, müsahibə mayın 19-da dərc olunub.

Prezident İlham Əliyev bildirib ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir. Dövlət başçısının sözlərinə görə, forumda 182 ölkə təmsil olunur və bu, Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. O qeyd edib ki, iştirakçı sayının rekord həddə çatması həm mövzunun qlobal əhəmiyyətini, həm də Azərbaycanın geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Dövlət başçısı vurğulayıb ki, forum Azərbaycan üçün görülən işlər və gələcək planlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda tərəfdaşların təcrübəsindən yararlanmaq baxımından mühüm fürsətdir. Prezident İlham Əliyev şəhərsalma prosesində tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsinin uzlaşdırılmalı olduğunu bildirib.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərindən danışan Prezident İlham Əliyev Azərbaycanın şəhər və kəndlərin sıfırdan qurulması sahəsində misilsiz təcrübə formalaşdırdığını deyib. Dövlət başçısı bildirib ki, mərhələli və paralel yanaşma nəticəsində beş il ərzində 85 mindən çox insanın doğma torpaqlarına qayıdışı təmin edilib. Onun sözlərinə görə, bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa olunur. Bundan başqa, 75 kilometrlik tunellərin 70 kilometri istifadəyə verilib, 500 körpüdən 435-i tikilib.

Prezident əlavə edib ki, yenidənqurmanın ilk illərində əsas sərmayələr infrastrukturun yaradılmasına yönəlmişdi, hazırda isə diqqət yaşayış sahələrinin tikintisinə, şəhərlərin baş planlarına, “Ağıllı şəhər”“Ağıllı kənd” konsepsiyalarının icrasına yönəlib. Dövlət başçısı Azərbaycanın bu təcrübəsinin oxşar problemlərlə üzləşmiş ölkələr üçün yenidənqurma modeli ola biləcəyini vurğulayıb.

Enerji əməkdaşlığına toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə bu sahədə əməkdaşlığının xüsusilə Cənub Qaz Dəhlizinin 2020-ci ildən sonra istifadəyə verilməsi ilə sürətləndiyini bildirib. Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan bu dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir, Avropa İttifaqının 10 üzv dövləti, ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Prezidentin sözlərinə görə, Avropanın Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var və bu sahədə Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurulub.

Hörmüz böhranı ilə bağlı suala cavabında Prezident İlham Əliyev bildirib ki, təchizat zənciri baxımından bu böhran Azərbaycana ciddi təsir göstərmir. Dövlət başçısı bunu Azərbaycanın uzun illərdir enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti aparması ilə izah edib. O qeyd edib ki, Azərbaycan tərəfdaşları və qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlantıları üzrə şaxələndirilmiş sistem formalaşdırıb.

Prezident İlham Əliyev eyni zamanda Yaxın Şərqdə baş verənlərin müəyyən dərəcədə hər kəsə təsir etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, yüksək neft qiymətləri enerji ixrac edən ölkələr üçün müəyyən gəlir yaratsa da, qlobal qeyri-sabitlik fond bazarlarına və investisiyalara mənfi təsir edir. Prezidentin sözlərinə görə, Azərbaycan öz enerji layihələri baxımından təhlükəsiz mövqedədir və daim diplomatiyanın tərəfdarıdır.