Paşinyan: “TRIPP Azərbaycan sərhədindən başlayıb orada bitir”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP marşrutunun giriş və çıxış nöqtələri coğrafi baxımdan Azərbaycan sərhədində yerləşəcək. O, layihənin Ermənistanın yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərəcəyini vurğulayıb.

46

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, “Tramp marşrutu” – TRIPP Azərbaycan sərhədindən başlayaraq yenidən Azərbaycan sərhədində başa çatacaq. Bununla yanaşı, o, Ermənistan ərazisindən keçən hissədə qərarların İrəvan tərəfindən veriləcəyini və Ermənistan yurisdiksiyasının qüvvədə qalacağını vurğulayıb.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə sentyabrın 16-da Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı danışıb. Müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Marianna Qahramanyan ondan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP-in giriş və çıxış nöqtələri ilə bağlı açıqlamasına münasibət bildirməsini istəyib.

“TRIPP-in iki giriş və iki çıxışının Azərbaycandan olmamasının başqa variantı yoxdur. TRIPP Azərbaycan sərhədindən Azərbaycan sərhədinə qədərdir”, – Paşinyanın sözlərini “NEWS.am” sitat gətirib.

Baş nazir bunun coğrafi vəziyyətlə bağlı olduğunu bildirib. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisi üzərindən birləşdirməyi nəzərdə tutur. Deputatın “giriş və çıxış zamanı qərarı kim verəcək?” sualına Paşinyan “Ermənistan Respublikası” cavabını verib.

Paşinyan əlavə edib ki, TRIPP-in Ermənistan ərazisindən keçən hissəsi Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu prinsip artıq Ermənistanla ABŞ arasında imzalanmış TRIPP üzrə çərçivə sazişində təsbit olunub.

Mövzu Ceyhun Bayramovun açıqlamasından sonra yenidən gündəmə gəlib. Azərbaycanın XİN rəhbəri daha əvvəl bildirmişdi ki, layihənin giriş və çıxış nöqtələri Azərbaycan sərhədində yerləşdiyindən Azərbaycanın iştirakı olmadan TRIPP-in həyata keçirilməsi mümkün deyil. O, ABŞ tərəfinin Bakı ilə danışıqların gedişi barədə mütəmadi məlumat paylaşdığını da qeyd etmişdi.

Bu arada, Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-də TRIPP üzrə Ermənistan-ABŞ çərçivə sazişindən irəli gələn öhdəliklərin ölkə Konstitusiyasına uyğun olduğuna qərar verib. Sənəd növbəti mərhələdə ratifikasiya üçün Ermənistan parlamentinə təqdim olunacaq.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.