Natiq Cəfərli hərbi xidmətlə bağlı Gürcüstan modelini təklif etdi

REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli Gürcüstanın hərbi xidmət modelini nümunə göstərərək Azərbaycanda çağırış sistemində yeni islahatlar təklif edib.

63

REAL Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli Azərbaycanda müddətli həqiqi hərbi xidmət sistemində dəyişikliklərin aparılmasını və Gürcüstan təcrübəsinin müəyyən elementlərindən istifadə edilməsini təklif edib.

Natiq Cəfərli bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, Gürcüstanda hərbi xidmət müxtəlif müddət və istiqamətlər üzrə təşkil olunub, hərbi qulluqçular isə xidmətlərinə görə ödəniş alırlar.

Cəfərlinin paylaşımında qeyd etdiyinə görə, 6 ay xidmət edən əsgərlərə ayda 530 lari, 8 ay xidmət edənlərə 600 lari, mütəxəssis və ya kiçik komandir kimi daha uzun müddətli xidmət keçənlərə isə 1275–1530 lari ödənilir.

“Əgər vətəndaş könüllü olaraq əsgərlik üçün müraciət edirsə, ödənişləri 30 faiz artırılır”, – Cəfərli yazıb.

O, Gürcüstan modelində əsgərlərin yaşayış və xidmət şəraitinə də diqqət çəkərək onların evlərinə yaxın ərazilərdə xidmət etməsi, həftəsonları evə gedə bilməsi, məzuniyyət və digər sosial imkanlarla təmin olunmasını nümunə göstərib.

Cəfərlinin fikrincə, oxşar yanaşmanın müəyyən elementlərinin Azərbaycanda da tətbiqi mümkündür:

“Əsgərin öz evinə yaxın qulluq etməsi, müəyyən vəsait alması və bir çox başqa məsələlər həllini tapmalıdır”.

REAL rəsmisi hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra orduda islahatları daha da dərinləşdirmək və daha texnoloji xidmət modelinə keçmək mümkündür.

“Bizim Qəhrəman Ordumuz artıq Türkiyə – NATO standartlarını mənimsəyib, amma məişəti, əsgərə münasibət hələ də sovetdən qalıb”, – Cəfərli qeyd edib.

Qeyd edək ki, Gürcüstanın hazırkı rəsmi məlumatlarında milli hərbi xidmətin müddətləri 6, 8 və 11 ay göstərilir. Müvafiq olaraq 6 aylıq döyüş bölmələrində xidmət üçün 765 lari, 8 aylıq döyüş dəstəyi bölmələrində xidmət üçün 635 lari, 11 aylıq kiçik komandir və ixtisaslaşdırılmış vəzifələr üçün isə 1275–1530 lari ödəniş nəzərdə tutulur. Könüllü şəkildə xidmətə qoşulanlara ödənişin 30 faiz artırılması da Gürcüstan qanunvericiliyində təsbit edilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti