Bakı Rusiya-Ukrayna danışıqları üçün alternativ platforma ola bilər – ŞƏRH

Siyasi şərhçi Asif Nərimanlı Zelenskinin Azərbaycanda danışıqlara hazır olması barədə açıqlamasını şərh edib və Bakının neytral diplomatik platforma kimi imkanlarını dəyərləndirib.

31

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfi razılaşacağı halda növbəti danışıqların Azərbaycanda keçirilməsinə hazır olduqlarını bildirib. Bu açıqlama Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra səsləndirilib. 

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin mürəkkəbliyi, tərəflər arasındakı dərin ziddiyyətlər, indiyə qədər keçirilən görüşlərin nəticəsiz qalması və müharibə ətrafındakı geosiyasi maraqlar Moskva-Kiyev xəttində diplomatik seçim imkanlarını xeyli məhdudlaşdırır.

“Bu baxımdan, Bakıda görüşün təşkili müəyyən çətinliklərlə üzləşə bilər. Lakin dialoq məkanı kimi Azərbaycanın adının gündəmə gəlməsi təsadüfi deyil”, — deyə Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas üstünlüyü neytral mövqeyidir. Bakı Rusiya-Ukrayna müharibəsində birbaşa tərəf deyil və həm Moskva, həm də Kiyevlə münasibətlərini qoruyub saxlayır. Bu amil Azərbaycanın potensial danışıqlar platforması kimi qəbul olunma imkanlarını artırır.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın bu sahədə diplomatik təcrübəsi də mühüm rol oynayır:

“Bakı indiyə qədər həm qlobal, həm də regional problemlərin müzakirəsinə ev sahibliyi edib. ABŞ-Rusiya, Rusiya-NATO, Türkiyə-İsrail və İsrail-Suriya xəttində aparılan təmaslar Azərbaycanın diplomatik platforma kimi imkanlarını göstərib. Rusiya-Ukrayna münaqişəsində də bu təcrübədən istifadə oluna bilər”.

Nərimanlının fikrincə, Bakı həm Moskva, həm də Kiyev üçün alternativ seçim yarada bilər. Çünki əvvəlki danışıqlarda tərəflərin ortaq məxrəcə gələ bilməməsinə təkcə ağır şərtlər deyil, həm də ABŞ və Avropa ölkələrinin prosesə geosiyasi maraqlar prizmasından yanaşması təsir edib.

“Danışıqların neytral Azərbaycana köçürülməsi problemin regional müstəvidə müzakirəsinə yeni imkanlar aça bilər. Xüsusilə Bakı və Ankara Moskva-Kiyev xəttində diplomatik həll yollarının tapılmasına töhfə verə bilər”, — deyə siyasi şərhçi vurğulayıb.

Asif NƏRIMANLI | Siyasi şərhçi

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026