Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətini müsbət qiymətləndirənlərin payı 16%-ə düşərək onun 2017-ci ildə prezident seçilməsindən bəri “Ipsos BVA”nın siyasi barometrində qeydə alınan ən aşağı səviyyəyə enib. Respondentlərin 81%-i isə Makronun fəaliyyətinə mənfi münasibət bildirib.
MSNews.az xəbər verir ki, bunu “Ipsos BVA”-nın CESI Mühəndislik Məktəbi ilə birlikdə “La Tribune Dimanche” üçün keçirdiyi sentyabr sorğusunun nəticələri göstərir.
Sorğuya əsasən, Makronun müsbət reytinqi iyulla müqayisədə 5 faiz bəndi azalaraq 21%-dən 16%-ə düşüb. Onun fəaliyyətini mənfi qiymətləndirənlərin payı isə eyni dövrdə 7 faiz bəndi artaraq 81%-ə çatıb.
Maraqlıdır ki, prezidentə dəstək hətta onun siyasi düşərgəsində də əhəmiyyətli şəkildə zəifləyib. “Renaissance”, “MoDem” və “Horizons” tərəfdarlarının yalnız 53%-i Makron barədə müsbət fikirdədir. Bu göstərici iyulla müqayisədə 19 faiz bəndi aşağıdır.
Sorğuda Fransanın baş naziri Sebastyan Lekornyunun göstəriciləri də aşağı düşüb. Onun fəaliyyətini müsbət qiymətləndirənlərin payı 20%-ə, mənfi qiymətləndirənlərin payı isə 70%-ə çatıb.
Fransızların əsas narahatlığı isə alıcılıq qabiliyyətidir: respondentlərin 54%-i bunu ölkənin əsas problemlərindən biri kimi göstərib. Sosial müdafiə sisteminin gələcəyi 40%, ətraf mühit və miqrasiya isə hər biri 31% göstərici ilə sonrakı yerlərdə qərarlaşıb.
Sorğu 9–10 sentyabr 2026-cı il tarixlərində 18 yaşdan yuxarı 1 000 nəfər arasında keçirilib və iştirakçılar Fransa əhalisini təmsil edən milli nümunə əsasında seçiliblər.