Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları, iki dövlət arasında iqtisadi və siyasi əlaqələr üzrə ümidlərinə diqqət çəkir. Lakin “Hraparak” nəşrində yayımlanan məqalə göstərir ki, Paşinyan hökumətinə qarşı həm daxili, həm də xarici təzyiqlərin davam etdiyi bir reallıq mövcuddur və nəşrdə yer alan fikirlər sülh prosesinə zərbə vurmaq məqsədindən başqa bir şey deyildir.
Məqalədə qeyd olunur ki, Paşinyan Azərbaycandan benzinin idxalı və qarşılıqlı ticarət məsələsində “ümid edirəm” ifadəsini dəfələrlə təkrarlayır. Müəllifin fikrincə, real beynəlxalq münasibətlər ümid üzərində qurulmur; Azərbaycanın isə Ermənistana satışa çıxardığı benzin və qiymət siyasəti tamamilə strateji və idarə olunmuş qərarlara əsaslanır. Məqalədə vurğulanır ki, Azərbaycan heç vaxt erməni məhsullarının öz bazarında sərbəst şəkildə satışına imkan verməyəcək, bu isə qarşılıqlı ticarət ümidlərini reallaşdırmağın çətinliyini göstərir.
“Hraparak” bildirir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən bu satışlar, Paşinyan hökumətinə qarşı təzyiqin bir nümunəsidir. Məqalədə qeyd olunur ki, Ermənistanın baş nazir müavini Mqer Qriqoryan Azərbaycanın tələblərinə tam əməl edib, sülh prosesində Ermənistanın daha balanslı və aktiv rol oynama imkanlarını məhdudlaşdırıb.
Həmçinin, xəbərdarlıq edilir ki, benzinin aşağı qiymətə satılması, Ermənistanda iqtisadi narazılıq və milli qürur hissində gərginlik yarada bilər.
Nəticə olaraq, “Hraparak” nəşrinin məqaləsini Paşinyan hökumətinə qarşı daxili və xarici basqıların bir nümunəsi olaraq qəbul etmək olar. Görünən odur ki, nə qədər ki, Ermənistan daxilində revanşist qüvvələr, Rusiya meylli qruplar neytrallaşdıırlmayıb, yumşaq dillə desək, sülh prosesinə kölgə salmaq cəhdləri hələ çox olacaqdır.