Macarıstan hakimiyyəti Rusiyanın Budapeştdəki diplomatik nümayəndəliyinin 10 əməkdaşına ölkəni tərk etmək göstərişi verib. Bu, Macarıstanın indiyədək eyni vaxtda bu qədər çox rus diplomatını ölkədən çıxardığı ilk haldır.
MSNews.az xəbər verir ki, qərarı sentyabrın 8-də Macarıstanın yeni xarici işlər naziri Anita Orban açıqlayıb. O bildirib ki, Macarıstan hakimiyyətinin qiymətləndirməsinə əsasən, həmin 10 şəxs ölkədə “Vyana Konvensiyasına görə diplomat üçün qəbuledilməz fəaliyyətlə” məşğul olub.
“Reuters” və “Associated Press” məlumatı təsdiqləyib.
Anita Orban qərarın Macarıstanın təhlükəsizliyini və suverenliyini qorumaq məqsədi daşıdığını bildirib. Bununla belə, Budapeşt Moskva ilə diplomatik əlaqələri kəsmək niyyətində olmadığını və “qarşılıqlı hörmət və qaydalara əməl edilməsi əsasında” zəruri dialoqu davam etdirəcəyini vurğulayıb.
Macarıstan hökuməti diplomatların konkret olaraq hansı fəaliyyətlə məşğul olduqlarını açıqlamayıb. Buna görə onların hamısının rəsmi şəkildə casusluqda ittiham edildiyini söyləmək doğru deyil. Bununla belə, “Telex” qeyd edir ki, diplomatik praktikada “statusla uyğun olmayan fəaliyyət” ifadəsi çox vaxt diplomatik örtük altında kəşfiyyat fəaliyyəti ilə bağlı hallarda istifadə olunur. Nəşr Macarıstanın əks-kəşfiyyat strukturlarının həmin şəxsləri kəşfiyyat əməkdaşları kimi müəyyənləşdirdiyini yazır.
“Telex”in məlumatına görə, 10 nəfərin eyni vaxtda çıxarılması Macarıstan tarixində Rusiyaya qarşı bu qəbildən ən böyük addımdır. Viktor Orbanın əvvəlki hökumətləri dövründə Budapeşt rus diplomatlarının kütləvi şəkildə çıxarılması üzrə digər Avropa ölkələrinin addımlarına əsasən qoşulmamışdı. 2018-ci ildə Sergey Skripalın zəhərlənməsindən sonra Macarıstan yalnız bir rus diplomatını ölkədən çıxarmışdı.
Qərar Viktor Orbanın 16 illik hakimiyyətinin apreldə başa çatmasından və Peter Madyarın rəhbərlik etdiyi yeni hökumətin formalaşmasından bir neçə ay sonra verilib. Yeni xarici işlər naziri Anita Orban keçmiş baş nazir Viktor Orbanla qohum deyil. Peter Madyar hökuməti Avropa İttifaqı və NATO ilə münasibətlərin yenidən gücləndirilməsini xarici siyasətin əsas istiqamətlərindən biri kimi təqdim edir.
Moskva Budapeştin qərarına sərt reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavab tədbirlərinin “sərt və ağrılı” olacağını bildirib. Rusiyanın Budapeştdəki səfiri Yevgeni Stanislavov isə qərarı “əsassız eskalasiya” adlandırıb.
Avropa Komissiyası isə Macarıstanın qərarını legitim addım kimi qiymətləndirib və bunu Rusiyanın Avropa ölkələrinə qarşı casusluq, sabotaj və digər hibrid fəaliyyətlərinə dair artan narahatlıqlar fonunda nəzərdən keçirdiyini bildirib.