Plastik tullantıdan vanilli dondurma hazırlandı

Britaniyalı dizayner Eleonora Ortolani Edinburq Universitetinin alimləri ilə birlikdə PET plastikdən əldə olunan vanilinlə eksperimental dondurma hazırlayıb. Məhsul hələ insan istehlakı üçün təsdiqlənməyib.

79

Plastik tullantıdan əldə edilən vanilinlə dünyada ilk olduğu bildirilən eksperimental dondurma hazırlanıb.

MSNews.az xəbər verir ki, “Guilty Flavours” adlanan layihədə içki şüşələrində geniş istifadə olunan PET plastik bakteriya və fermentlərin köməyi ilə vanil dadını verən kimyəvi maddəyə çevrilib.

Layihə italiyalı dizayner Eleonora Ortolani tərəfindən Londonun “Central Saint Martins” məktəbində hazırlanıb. Ortolani 2023-cü ildə “Reuters” agentliyinə açıqlamasında məhsulu plastik tullantıdan hazırlanan ilk dondurma nümunəsi hesab etdiyini bildirib.

Texnologiyanın əsasında isə Edinburq Universitetinin alimləri Coanna Sadler və Stiven Uollesin 2021-ci ildə dərc etdikləri araşdırma dayanır. Tədqiqatçılar laboratoriyada dəyişdirilmiş E. coli bakteriyalarından istifadə edərək PET plastikdən əldə olunan tereftal turşusunu vanilinin əsas molekuluna çevirməyə nail olublar.

Prosesin ilk mərhələsində fermentlər PET plastikini onun kimyəvi komponentlərinə parçalayır. Daha sonra xüsusi hazırlanmış bakteriyalar həmin maddələrdən birini bir neçə biokimyəvi mərhələdən keçirərək vanilinə çevirir. Beləliklə, son məhsul artıq plastik polimer deyil, kimyəvi quruluşuna görə adi vanilinlə eyni tipli molekuldur.

Ortolaninin “Guilty Flavours” layihəsində plastikdən alınan vanilin dondurmaya əlavə edilib. Layihənin rəsmi təqdimatına görə, nümayiş etdirilən nümunənin hazırlanmasında təxminən 20 milliqram PET plastikdən əldə olunan maddə istifadə olunub.

Bununla belə, dondurma hazırda insan istehlakı üçün təsdiqlənməyib. Məhsul qida təhlükəsizliyi və tənzimləyici yoxlamalardan keçmədiyi üçün layihə çərçivəsində bağlı dondurucuda nümayiş etdirilib. “Reuters” də onun kommersiya qidası deyil, tədqiqat və incəsənət layihəsi olduğunu vurğulayıb.

Edinburq Universitetinin alimləri daha əvvəl plastikdən əldə etdikləri vanilinin gələcəkdə qida sənayesində istifadə edilə biləcəyini bildirsələr də, bunun üçün əlavə təhlükəsizlik testlərinin vacib olduğunu qeyd ediblər.