Bosniya və Herseqovina futbolunun əfsanəsi Edin Dzeko milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.
MSNews.az xəbər verir ki, 40 yaşlı hücumçu oktyabrın 2-də İsveçə qarşı UEFA Millətlər Liqasının oyununda sonuncu dəfə milli formanı geyinəcək.
Bosniya və Herseqovina Futbol Federasiyası bunu rəsmi saytında təsdiqləyib.
Dzeko sosial şəbəkədə yaydığı vida müraciətində milli formanı geyinməyi uşaqlıq arzusu adlandırıb və artıq kənara çəkilməyin vaxtının çatdığını bildirib.
“Oktyabrın 2-də İsveçə qarşı milli komandamız üçün növbəti və sonuncu oyunumu keçirəcəyəm”, – futbolçu qeyd edib. “Anadolu Agentliyi” onun vida görüşünün Zenitsa şəhərində keçiriləcəyini yazır.
Dzeko Bosniya və Herseqovina millisində 2007-ci ilin iyununda Türkiyəyə qarşı oyunda debüt edib. Təxminən 20 illik beynəlxalq karyerası ərzində o, hazırda 151 oyunda 73 qol vurub. Bununla Dzeko həm milli komandanın tarixində ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçudur. İsveçlə qarşılaşma onun 152-ci milli oyunu olacaq.
Hücumçu Bosniya və Herseqovinanın tarixində ilk dəfə 2014-cü il dünya çempionatına vəsiqə qazanmasında əsas simalardan biri olub. O, həmçinin komandanın 2026-cı il dünya çempionatındakı heyətində yer alıb.
Dzeko hazırda Almaniyanın “Şalke 04” klubunda çıxış edir. Karyerası ərzində o, “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter”, “Fənərbağça” və “Fiorentina” kimi klubların da formasını geyinib.