Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır

MEDİA Goranboyun Nizami kəndi yaxınlığındakı sursat anbarında baş verən hadisə ilə bağlı “Nexta”nın yaydığı məlumatı ictimai rəyi çaşdırmağa yönəlmiş informasiya kimi qiymətləndirib.

92

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ölkəyə qarşı təşkil olunmuş dezinformasiya kampaniyasının aparıldığını bəyan edib.

MSNews.az xəbər verir ki, Agentlik sentyabrın 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş verən hadisə ilə bağlı “Nexta” kanalında yayılan məlumatı subyektiv mülahizələrə əsaslanan və ictimai rəyi çaşdırmağa yönəlmiş informasiya kimi qiymətləndirib.

MEDİA sentyabrın 3-də yaydığı rəsmi bəyanatda bildirib ki, Polşada yerləşən “Nexta” hadisəni dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim etməyə çalışıb. Agentliyin qiymətləndirməsinə görə, bu, “vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının” tərkib hissəsidir.

MEDİA son dövrlərdə bir sıra Qərb media resurslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların və birtərəfli yanaşmaların yayıldığını da iddia edib. Qurum belə materialları Azərbaycanın beynəlxalq imicinə qarşı informasiya hücumunun elementi kimi qiymətləndirib və fərziyyə xarakterli iddiaların yayılmasını informasiya manipulyasiyasının təzahürü adlandırıb.

Hadisənin özü ilə bağlı Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib ki, sentyabrın 2-nə keçən gecə Nizami kəndi yaxınlığındakı sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı sakinlər təxliyə edilib, hadisə nəticəsində insan tələfatı və xəsarət qeydə alınmayıb.

Daha sonra Goranboy Rayon Fövqəladə Hallar Komissiyası risklərin qiymətləndirilməsindən sonra təxliyə edilmiş sakinlərin yaşayış yerlərinə mərhələli şəkildə qaytarılmasına başlanıldığını açıqlayıb. Hadisə nəticəsində yaşayış evlərinə ciddi ziyan və insan itkisi qeydə alınmadığı bildirilib.

MEDİA bəyanatının sonunda Azərbaycanın suverenliyi, daxili və xarici siyasəti, eləcə də beynəlxalq nüfuzuna zərər vurmağa yönəldiyini hesab etdiyi informasiya hallarının araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.