Böyük Britaniyada Müdafiə Nazirliyinə aid həssas hərbi sənədlərin zibil konteynerində tapılması ilə bağlı araşdırma başlanıb.
MSNews.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, sənədlər Katterik qarnizonundan təxminən 2,5 mil məsafədə yerləşən Katterik-Brayd tullantı və təkrar emal məntəqəsində, zibilin arasında aşkarlanıb.
Məlumata əsasən, sənədlər Böyük Britaniya ordusunun ən böyük hərbi bazası sayılan Katterik qarnizonuna aid olub. Qovluqda hərbçilərin adları və rütbələri, bazada silahların saxlanılması ilə bağlı detallar, qarovul növbələri, təhlükəsizlik pozuntuları və həyəcan siqnalına cavab protokolları yer alıb.
Qəzet yazır ki, sənədlərin bir hissəsi Katterikdəki “Marne Barracks” kazarmasının qarovul otağına aid gündəlik qeydlərdən ibarət olub. Bu bazada 5-ci Kral Artilleriya alayı və 32-ci Mühəndis alayının yerləşdiyi bildirilir. Sənədlərin 2018, 2021 və 2023-cü illərə aid olduğu qeyd olunur.
Sənədləri təsadüfən tapan şəxs onların “yanlış əllərə keçməməsi” üçün təhvil verilməli olduğunu düşündüyünü bildirib. Nəşrin məlumatına görə, materiallar üzərində Müdafiə Nazirliyi işarəsi olan qovluqda, tullantı konteynerinin üst hissəsində olub.
Hadisədən sonra Kral Hərbi Polisi sənədlərin necə zibil məntəqəsinə düşdüyünü araşdırmağa başlayıb. Britaniya Müdafiə Nazirliyi ilkin qiymətləndirməyə əsasən, sənədlərdə “əməliyyat baxımından məxfi müdafiə məlumatı” olmadığını bildirsə də, keçmiş hərbi kəşfiyyat əməkdaşları və deputatlar hadisəni ciddi təhlükəsizlik boşluğu kimi qiymətləndiriblər.
Katterik qarnizonu Şimali Yorkşirdə yerləşir və Britaniya ordusunun ən böyük bazalarından biri hesab olunur. Burada minlərlə hərbçi xidmət edir, həmçinin müxtəlif təlim və hərbi bölmələr fəaliyyət göstərir. Bu səbəbdən sənədlərin açıq şəkildə tullantı məntəqəsinə düşməsi ölkədə hərbi informasiya təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Qeyd edək ki, bu, Katterik qarnizonu ilə bağlı sənədlərin ictimai yerdə tapılması üzrə ilk insident deyil. 2025-ci ilin martında da qarnizona aid həssas hərbi sənədlərin Nyukasl küçələrində aşkarlanması barədə məlumat yayılmışdı. Həmin sənədlərdə də hərbçilərin rütbələri, növbə qrafikləri, elektron poçt ünvanları və silahların verilməsi ilə bağlı qeydlərin olduğu bildirilmişdi.