“Tesla” Kaliforniyanın Fremont şəhərindəki zavodunda insanabənzər “Optimus” robotlarının ilkin istehsal mərhələsinə keçir və şirkətin planına görə robotların geniş ictimaiyyətə satışı 2027-ci ilin sonunadək başlaya bilər.
MS-News.az xəbər verir ki, “Tesla” hazırda Fremont zavodunu rəsmi saytında “Model 3”, “Model Y” və “Tesla Optimus” istehsal mərkəzi kimi təqdim edir.
Şirkət bu məqsədlə Fremontdakı “Model S” və “Model X” istehsal sahələrini bağlayaraq həmin ərazidə “Optimus” xətti qurub. “Tesla”nın iyul hesabatında ilk nəsil istehsal xətlərinin quraşdırıldığı və ilkin robotların təlim məlumatlarının toplanması və funksiyaların inkişaf etdirilməsi üçün istifadə ediləcəyi bildirilirdi. İlon Mask isə istehsalın başlanğıc mərhələsinin yeni komponentlərin çoxluğu səbəbindən nisbətən ləng gedəcəyini etiraf edib.
Mask yanvarın 22-də Davos Dünya İqtisadi Forumunda bildirib ki, “Tesla” robotların təhlükəsizliyinə, etibarlılığına və funksionallığına kifayət qədər əmin olduqdan sonra onları 2027-ci ilin sonunadək ictimaiyyətə satmağa başlamağı planlaşdırır. Bu, hazırda şirkətin hədəfidir və zəmanətli satış tarixi deyil.
Maskın sözlərinə görə, “Optimus” hazırda zavod şəraitində sadə tapşırıqlar üzərində sınaqdan keçirilir, 2026-cı ilin sonunadək isə daha mürəkkəb işlərin yerinə yetirilməsi nəzərdə tutulur. “Tesla” robotu gələcəkdə evdə və iş yerlərində təhlükəli, təkrarlanan və monoton tapşırıqları yerinə yetirə biləcək ümumi təyinatlı, avtonom ikayaqlı platforma kimi inkişaf etdirir.
Qiymətlə bağlı yayılan 20–30 min dollar göstəricisi də hazırda rəsmi satış qiyməti deyil. Mask hələ 2024-cü ildə “We, Robot” tədbirində tammiqyaslı istehsala çatdıqdan sonra “Optimus”un uzunmüddətli perspektivdə təxminən 20–30 min dollara satıla biləcəyini proqnozlaşdırmışdı. Hazırda “Tesla”nın robot üçün rəsmi qiymət siyahısı, ictimai sifariş və ya depozit proqramı yoxdur.
“Optimus”la bağlı son günlər yayılan “US” adlı videoçarx isə amerikalı operator və rejissor Maz Maxani ilə əlaqələndirilir. Onun şəxsi portfolio saytında “TESLA OPTIMUS ‘US’” işi ayrıca yer alır, özü isə “director/DP” — rejissor və operator kimi təqdim olunur.
Çarxda “Optimus” gündəlik həyatın bir hissəsi və insanlara müxtəlif məişət işlərində kömək edən robot kimi təsvir edilir. Lakin videodakı səhnələri robotun hazırda həmin tapşırıqları tam avtonom şəkildə və kommersiya səviyyəsində yerinə yetirə bildiyinin sübutu kimi qəbul etmək olmaz. Mask özü də iyulda internetdə nümayiş olunan bir çox humanoid robot təqdimatlarının əvvəlcədən proqramlaşdırılmış və ya uzaqdan idarə olunan ola bildiyini vurğulamışdı.