İsrail kosmosdan Yerə zərbə endirən silahlar hazırlamağı planlaşdırır

İsrail Müdafiə Nazirliyinin çoxillik kosmik proqramında Yer üzündəki hədəfləri kosmosdan vura biləcək hücum sistemlərinin və peykləri düşmən kosmik aparatlarından qoruyacaq silahların hazırlanması nəzərdə tutulur.

61

İsrail Müdafiə Nazirliyi kosmosdan Yer üzündəki hədəflərə zərbə endirə biləcək silah sistemlərinin hazırlanmasını çoxillik kosmik proqramına daxil etməyi planlaşdırır.

MSNews.az xəbər verir ki, “The Jerusalem Post” İsrailin “Walla” nəşrinin məlumatına əsasən, Müdafiə Nazirliyinin kosmik sahə üzrə yeni büdcə planında ilk dəfə hücum xarakterli kosmik imkanlar üçün ayrıca maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Məlumata görə, proqramın hücum istiqaməti iki əsas sahəni əhatə edəcək. Bunlardan biri İsrail peyklərini düşmən kosmik aparatlarından qorumağa imkan verən sistemlərin, digəri isə kosmosdan Yer səthindəki hədəfləri vurmaq qabiliyyətinə malik silahların hazırlanmasıdır. İsrail tərəfi bu imkanların həm ölkənin arxa cəbhəsinin müdafiəsi, həm də düşmən qüvvələrinə zərbə vurulması üçün nəzərdə tutulduğunu bildirir.

Layihənin hazırlanmasında İsrail Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnkişafı İdarəsi — MAFAT, İsrail ordusu və ölkənin müdafiə sənayesi müəssisələrinin iştirak etdiyi bildirilir. Proqram çərçivəsində mövcud peyk imkanlarının da genişləndirilməsi, istənilən hava şəraitində və sutkanın bütün vaxtlarında kəşfiyyat məlumatlarının toplanması, eləcə də dayanıqlı hərbi rabitə sistemlərinin gücləndirilməsi planlaşdırılır.

İsrail Müdafiə Nazirliyi kosmik imkanların genişləndirilməsi istiqamətində uzunmüddətli proqramların hazırlandığını rəsmi şəkildə də təsdiqləyib. Nazirliyin iyul ayında yaydığı məlumatda baş direktor Amir Baram İsrailin kosmik imkanlarının qarşıdakı 20-30 il üçün planlaşdırıldığını və yeni inkişaf proqramlarının artıq irəli aparıldığını bildirib. Bununla belə, nazirliyin həmin rəsmi açıqlamasında kosmosdan Yerə zərbə endirən konkret silah sistemi barədə məlumat verilməyib.

Müdafiə naziri İsrael Katz isə iyun ayında İsrailin kosmik hücum imkanları sahəsində dünya liderlərindən birinə çevrilməsini strateji məqsəd kimi göstərib. “The Jerusalem Post” onun sözlərinə istinadən yazıb ki, İsrail kosmosdakı hərbi imkanlarını düşmən üzərində çəkindirmə və zərbə üstünlüyü yaratmaq üçün inkişaf etdirməyə çalışır.

Bu istiqamətdə işlər İsrail ordusunun son hərbi əməliyyatlarda kosmik kəşfiyyatdan daha geniş istifadə etməsindən sonra sürətlənib. Müdafiə Nazirliyinin məlumatına görə, peyklər İranla müharibə zamanı real vaxt rejimində kəşfiyyat məlumatlarının əldə edilməsi, hədəflərin müəyyənləşdirilməsi və zərbələrin planlaşdırılmasında mühüm rol oynayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.