Tailand və Kamboca arasında 7 dekabr tarixindən etibarən yenidən alovlanan sərhəd toqquşmaları bölgədə təxminən 900 min insanın yerindən didərgin düşməsinə səbəb olub. Atəşkəslə bağlı razılaşmanın əldə edilməməsi iki ölkə arasındakı sərhəd gərginliyini gündəmdə saxlayır.
Çoxsaylı insan tələfatına, mülki infrastrukturun ciddi ziyan görməsinə və kütləvi köçlərə yol açan toqquşmaların dayandırılması üçün göstərilən səylərin növbəti atəşkəs razılaşması ilə nəticələnməməsi diqqətləri 24 dekabrda keçirilməsi planlaşdırılan danışıqlara yönəldib.
Atəşkəs danışıqları məqsədilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində dünən Malayziyanın paytaxtı Kuala Lumpurda bir araya gələn Tailand və Kamboca nümayəndələrinin müzakirələri nəticəsiz qalıb.
Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatı (BMT), Çin və ABŞ başda olmaqla üçüncü tərəflər atəşkəs çağırışlarını gücləndirsə də, sərhəddə yenidən yüksələn gərginlik fonunda iki ölkə bir-birini qarşıdurmaya görə məsuliyyət daşımaqda ittiham edir.
Tailand tərəfi bildirir ki, hücumları ilk başlayan Kambocadır və buna görə də ilk atəşkəs elan etməli olan tərəf də Kamboca olmalıdır. Banqkok hesab edir ki, atəşkəs real və davamlı xarakter daşımalı, xüsusilə, quru minalarının təmizlənməsi məsələsində Kamboca Tailandla əməkdaşlıq etməlidir.
Tərəflərin 24 dekabr tarixində Baş Sərhəd Komitəsi (GBC) çərçivəsində yenidən görüşməsi gözlənilir.
Kamboca mətbuatında yer alan məlumatlara görə, Tailand qüvvələri Battambanq əyalətinə 40-dan çox artilleriya zərbəsi endirib. Bildirilir ki, bu hücumlar “sülhə dair mümkün addımların müzakirə edildiyi vaxtda” baş verib.
Taylandın “Bangkok Post” qəzetinin yazdığına görə isə Kamboca, Tailandın cənub-şərqində yerləşən Sa Kaeo əyalətində həyata keçirdiyi artilleriya atəşləri zamanı mülki infrastrukturu hədəfə alıb.
Kambocanın Sa Kaeo əyalətinin Ta Phraya bölgəsindəki hərbi bazaya açdığı atəş nəticəsində bir Tailand əsgəri həlak olub, ölən tailandlı hərbçilərin sayı 22-yə çatıb.
Çatışmaların getdiyi bölgələrdə xəstəxanaların bağlanması kimi səbəblərlə 37 mülki şəxs dolayısı yolla, 1 mülki şəxs isə birbaşa hücum nəticəsində həyatını itirib.
Təxminən 400 min Tailand vətəndaşı təhlükəli ərazilərdən təxliyə olunub, yerindən didərgin düşən təxminən 200 min nəfər üçün 899 sığınacaq mərkəzi fəaliyyətə başlayıb.
“Khmer Times” qəzetinin Kamboca Daxili İşlər Nazirliyinə istinadən yaydığı xəbərə görə, 7 dekabrdan bu yana Kambocada mülki can itkisi 21 nəfərə, yaralıların sayı isə 83 nəfərə yüksəlib. 285 mini qadın, 174 mini uşaq olmaqla, sərhəd bölgələrində yaşayan təxminən 544 min Kamboca sakini evlərini tərk etmək məcburiyyətində qalıb.
Cənub-Şərqi Asiyada 817 kilometrlik sərhəd xətti olan Tailand və Kamboca arasında mübahisələr XIX əsrin sonlarında Fransanın Kambocanı işğal etdiyi dövrdə sərhədlərin müəyyənləşdirilməsinə gedib çıxır.
İlk ciddi qarşıdurmalar 2008-ci ildə Kambocanın mübahisəli ərazidə yerləşən XI əsrə aid məbədi UNESCO Dünya İrsi Siyahısına salmaq cəhdindən sonra baş vermişdi.
Mayın 28-də sərhəd razılaşmasının pozulması səbəbilə qısa müddətli toqquşmalar yaşanmış, tərəflər problemi sülh yolu ilə həll etmək barədə razılığa gəlmişdi. Lakin 24 iyulda baş verən yeni döyüşlərdə 32 nəfər həyatını itirmişdi.
İyul qarşıdurmalarını həll etmək məqsədilə 26 oktyabrda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə “sülh sazişi” imzalanmışdı. Buna baxmayaraq, oktyabrda elan edilən atəşkəsə rəğmən, 7 dekabrda döyüşlər yenidən başlayıb.
Donald Tramp 12 dekabrda Tailand və Kamboca liderləri ilə apardığı danışıqlardan sonra tərəflərin atəşkəsi qəbul etdiyini açıqlasa da, Tailandın Baş naziri Anutin Çarnvirakul bildirib ki, “Tailand öz ərazilərinə və xalqına qarşı təhlükə hiss etmədiyi müddətcə hərbi əməliyyatlarını davam etdirəcək.”