Dünyada ilk dəfə beyin şişi real vaxtda süni intellektin köməyi ilə əməliyyat edilib

Londonda 48 yaşlı pasiyentin beyin şişi real vaxt rejimində süni intellekt dəstəyi ilə çıxarılıb. Süni intellekt əməliyyatı zamanı kritik damar və sinirləri müəyyənləşdirərək cərrahlara təhlükəli sahələrdən yayınmağa kömək edib.

79

Londonda dünyada ilk dəfə canlı beyin əməliyyatı zamanı süni intellektdən real vaxt rejimində cərraha birbaşa dəstək vermək üçün istifadə olunub.

MSNews.az xəbər verir ki, əməliyyat London Kolleci Universitetinə (UCL) tabe olan Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında keçirilib. 48 yaşlı Rays Hibbertin hipofiz vəzisində yerləşən şiş çıxarılıb. Əməliyyat  London Kolleci Universitetində hazırlanmış süni intellekt sisteminin klinik sınağı çərçivəsində həyata keçirilib.

“BBC” yazır ki, Hibbert dünyada canlı əməliyyat zamanı real vaxt süni intellekt dəstəyi ilə beyin şişi çıxarılan ilk pasiyent olub. Şiş müalicə olunmasaydı, onun görmə qabiliyyətinin daha da zəifləməsi və nəticədə korluq riski yaranırdı.

Pasiyentin hipofiz vəzisindəki şişin ölçüsü təxminən 11 millimetr olub. Beynin bu hissəsində hipofiz vəzi, böyük qan damarları və görməni idarə edən sinirlər bir-birinə son dərəcə yaxın yerləşir. London Kolleci Universiteti mütəxəssislərinin sözlərinə görə, belə əməliyyatda cəmi bir millimetrlik səhv belə korluq, insult və ya digər ağır fəsadlara səbəb ola bilər.

Əməliyyat zamanı süni intellekt sistemi əvvəlcədən çəkilmiş MRT və ya digər görüntülərlə kifayətlənməyib. O, endoskopdan gələn canlı video axınını saniyə-saniyə analiz edib, kritik anatomik strukturları tanıyaraq onları cərrahların monitorunda fərqləndirib.

Sistem xüsusilə damarların, görmə sinirlərinin və digər həssas strukturların yerləşdiyi riskli sahələrin müəyyənləşdirilməsinə kömək edib. Bunun sayəsində cərrahlar şişin mümkün qədər böyük hissəsini çıxararkən sağlam toxumalara zərər vurmaq riskini azaltmağa çalışıblar.

Süni intellekt texnologiyası London Kolleci Universitetinin Houks İnstitutu mərkəzində hazırlanıb və yüzlərlə əvvəlki hipofiz əməliyyatının videoları üzərində öyrədilib. Sistem NVIDIA Clara IGX platformasında işləyir və kritik anatomiya, cərrahi alətlər və toxumalar arasındakı qarşılıqlı əlaqəni real vaxtda tanımaq üçün hazırlanıb.

Əməliyyatı neyrocərrah professor Hani Markus və həkim Danyal Xan həyata keçiriblər. Layihə Böyük Britaniyanın “National Institute for Health and Care Research” qurumu və “Google” tərəfindən maliyyələşdirilib.

Əməliyyatdan əvvəl Hibbert artıq periferik görmə qabiliyyətinin bir hissəsini itirmişdi və ətrafı görməkdə çətinlik çəkdiyinə görə yeriyərkən əsadan istifadə etməyə başlamışdı.

Əməliyyatdan oyandıqdan dərhal sonra isə pasiyent görməsinin kəskin şəkildə yaxşılaşdığını bildirib. London Kolleci Universitetinin məlumatına görə, bir həftə ərzində o, eynək və əsadan istifadə etmədən müstəqil şəkildə yeriyə bilib. Hibbert sonradan görmə sahəsini “360 dərəcə panoramik görüntü” kimi təsvir edib.

Mütəxəssislər vurğulayırlar ki, süni intellekt əməliyyatı özü həyata keçirməyib və qərarları müstəqil qəbul etməyib. Cərrahi nəzarət tam olaraq həkimlərdə qalıb, süni intellekt isə real vaxt görüntülərini analiz edən əlavə naviqasiya və təhlükəsizlik vasitəsi kimi istifadə olunub.

Bu texnologiya əvvəllər tədqiqat və cərrahların təlimi üçün sınaqdan keçirilsə də, Hibbert onun canlı xəstə üzərində real əməliyyat zamanı istifadə olunduğu ilk pasiyent olub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.