“LG” televizorları istifadəçiləri dinləyir?

“Gamers Nexus”un araşdırması LG Smart TV-lərin ev şəbəkəsindəki cihazları skan etdiyini və bəzi hallarda səs məlumatlarını qeydə ala bildiyini iddia edir. “LG” isə gizli dinləmə ittihamlarını rədd edib.

71

“Gamers Nexus”un apardığı genişmiqyaslı texniki araşdırma “LG” Smart TV-lərin ev şəbəkəsindəki digər cihazları aşkarlaması, yaxınlıqdakı Wi-Fi şəbəkələri haqqında məlumat toplaması və səs funksiyalarının işləmə prinsipi ilə bağlı ciddi məxfilik sualları yaradıb. “LG” isə televizorların istifadəçilərin söhbətlərini gizli şəkildə yazması barədə iddiaları rədd edir.

MSNews.az xəbər verir ki, “Gamers Nexus” sentyabrın 6-da yayımladığı “216,000,000 Spy TVs” adlı araşdırmada “Level1Techs” və müstəqil təhlükəsizlik tədqiqatçıları ilə birlikdə bir neçə LG OLED televizorunu, o cümlədən G5 modelini sınaqdan keçirib. Komanda şəbəkə trafikini “Wireshark” vasitəsilə analiz edib və webOS sistemindəki məlumatları araşdırıb. Araşdırmanın əsas nəticələrini “Gamers Nexus” da açıqlayıb.

Tədqiqatçılar televizorların lokal şəbəkəni skan edərək smartfon, ağıllı saat və digər cihazları aşkarlaya bildiyini bildiriblər. “Ars Technica” yazır ki, test zamanı televizorların digər cihazların daxili IP ünvanlarını, yaxınlıqdakı Wi-Fi şəbəkələrinin adlarını, siqnal gücünü və kanal məlumatlarını müəyyən edə bildiyi müşahidə olunub.

“LG” şəbəkədəki cihazların skan edilməsi faktını inkar etmir. Şirkətin “Tom’s Hardware”ə təqdim etdiyi açıqlamada bildirilir ki, televizorlar eyni şəbəkədəki uyğun cihazları bağlantı, məzmun paylaşımı və ağıllı ev funksiyaları üçün aşkarlaya bilir. “LG” bunun Smart TV və digər ağıllı ev cihazlarında geniş yayılmış funksiya olduğunu vurğulayır.

Daha mübahisəli məsələ isə səs məlumatları ilə bağlıdır. “Gamers Nexus” araşdırmasında bəzi testlər zamanı televizor ekranı sönmüş və cihaz gözləmə rejimində olarkən mikrofon məlumatlarının qeydə alına bildiyini, internet bağlantısı olmadıqda məlumatların lokal olaraq saxlanaraq sonradan ötürülə bildiyini iddia edir. Araşdırmada səs məlumatlarının mətn formasında saxlanılması ilə bağlı nümunələrin də aşkarlandığı bildirilir.

Lakin “LG” bu iddianı qəti şəkildə rədd edir. Şirkətin açıqlamasına görə, televizor yalnız istifadəçi pultdakı səs düyməsini basdıqda və ya əvvəlcədən aktivləşdirilmiş “Hi LG” funksiyası açar sözü aşkarladıqda səs məlumatını emal edir. Şirkət bildirir ki, gözləmə rejimində açar sözün aşkarlanması üçün aparılan emal cihazın özündə həyata keçirilir, uyğun söz müəyyən edilmədikdə məlumat dərhal silinir və serverlərə göndərilmir.

Bununla yanaşı, “LG” avtomatik məzmun tanıma — ACR texnologiyasının televizorlarda mövcud olduğunu da təsdiqləyir. Bu sistem ekranda izlənilən məzmunu tanıya və fərdiləşdirilmiş tövsiyə və reklamlar üçün istifadə oluna bilər. Şirkət ACR funksiyasının istifadəçi razılığı əsasında aktivləşdirildiyini və razılıq olmadan reklam məqsədilə istifadə edilmədiyini bildirir.

Araşdırmada gündəmə gətirilən 216 milyon rəqəmi isə “gizli dinləmədən təsirlənmiş televizorların təsdiqlənmiş sayı deyil. “LG Ad Solutions” öz reklam platformasında dünyada təxminən 216 milyon LG Smart TV-yə çıxış imkanının olduğunu bildirir. ABŞ üzrə bu göstərici 49 milyon televizordur. Buna görə bütün 216 milyon cihazın araşdırmada göstərilən davranışlara malik olduğunu söyləmək üçün hazırda kifayət qədər sübut yoxdur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.