Bencamen Mendi Dünya Kuboku trofeyini satmasına cavab verdi

Bencamen Mendi 2018-ci il Dünya Çempionatının rəsmi kubok surətini 54 min avroya satdıqdan sonra onu tənqid edənlərə sərt və istehzalı cavab verib.

10

Fransa millisinin sabiq futbolçusu Bencamen Mendi 2018-ci il Dünya Çempionatının qalibi kimi əldə etdiyi kubok surətini satdığına görə onu tənqid edənlərə cavab verib.

MSNews.az xəbər verir ki, Mendi “Snapchat” hesabında paylaşdığı açıqlamada trofeyin ona məxsus olduğunu və onunla bağlı qərarı özünün verəcəyini bildirib.

“Bu mənim kubokumdur, yoxsa sizin? O mənə məxsusdur və onunla istədiyimi edə bilərəm”, – futbolçu yazıb. Mendi daha sonra istehzalı şəkildə trofeyin şkafda həddindən artıq yer tutduğunu əlavə edib. Bu barədə “Le Parisien” məlumat yayıb.

Fransalı müdafiəçi trofeyi ABŞ-nin “Goldin” hərrac evi tərəfindən təşkil olunan “Qlobal Futbol Hərracı – 2-ci hissə” çərçivəsində satışa çıxarıb. Hərrac iyulun 25-də başa çatıb və kubok 62 min dollara — təxminən 54 min avroya satılıb.

“L’Équipe” yazır ki, trofeyin alt hissəsində çat və səthində müəyyən istifadə izləri olub. Alıcıya əşyanın həqiqiliyini təsdiqləyən, Mendi tərəfindən imzalanmış sertifikat da təqdim edilib.

Satışa çıxarılan əşya FİFA Dünya Kubokunun orijinalı deyil. FİFA-nın qaydalarına əsasən, çempion komanda mükafatlandırma mərasimində orijinal kuboku qaldırır, daha sonra isə daimi saxlanılması üçün qızıl örtüklü rəsmi surət əldə edir. Orijinal trofey FİFA-nın mülkiyyətində qalır.

Mendi ilk açıqlamasından bir müddət sonra karyerası ərzində qazandığı digər mükafatların fotosunu da yayımlayıb. O, “satılacaq başqa şeylərinin də olduğunu” bildirərək digər trofeylərlə də vidalaşa biləcəyinə eyham vurub.

Benjamen Mendi 2018-ci ildə Rusiyada keçirilmiş Dünya Çempionatının qalibi olan Fransa yığmasının heyətində yer alıb. Fransa finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31