Kolumbiyalı müğənni Şakira nigeriyalı ulduz Burna Boy ilə birlikdə 2026-cı il futbol üzrə dünya çempionatının rəsmi mahnısı olan “Dai Dai” üçün klip təqdim edib. FIFA-nın rəsmi məlumatına görə, mahnı “FIFA Global Citizen Education Fund” layihəsinə dəstək məqsədi daşıyır və Şakiranın bu mahnıdan əldə edəcəyi qonorarlar fonda yönəldiləcək.
Klip dünya futbolunun tanınmış simalarının iştirakı ilə diqqət çəkib. “Khaleej Times” yazır ki, videoda Lionel Messi, Kilian Mbappe və Kriştianu Ronaldu da daxil olmaqla bir sıra futbol ulduzları görünür. Dörd dəqiqəlik klip futbolçuların “We are ready” — “Biz hazırıq” ifadəsini səsləndirməsi ilə başlayır.

“The Times of India”nın məlumatına görə, videoda Messi, Mbappe, Alfonso Deyvis, Erlinq Haaland və Camal Musiala kimi futbolçular yer alıb. Klipdə Şakira səhnə performansını futbol atmosferi ilə birləşdirir, Burna Boy isə mahnıya afrobeats ritmləri ilə qoşulur.
Sosial şəbəkələrdə klipin ən çox müzakirə olunan məqamlarından biri Lionel Messinin ingilis dilində “We are ready” deməsi olub. Futbol azarkeşləri argentinalı ulduzun bu epizodunu yumorla qarşılayıb və paylaşımı qısa müddətdə viral mövzuya çeviriblər.
FIFA-nın məlumatına görə, Şakira 19 iyulda Nyu-Cersidəki MetLife Stadium-da keçiriləcək DÇ-2026 finalının fasilə şousunda da çıxış edəcək. Turnir isə 11 iyun–19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.