Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstanın Çolpon-Ata şəhərində yerləşən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib.
MSNews.az xəbər verir ki, tədbirə Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon da qatılıblar. Açılış mərasimi kompleks və Qolf Klub haqqında hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.
İssık-Kul gölünün sahilində yerləşən çoxfunksiyalı turizm kompleksinin ümumi sahəsi 120 hektardır. Ərazinin 103 hektarı Qolf Klub üçün ayrılıb.
Layihənin əsas məqsədlərindən biri İssık-Kula turist axınını yalnız yay mövsümündə deyil, ilin digər aylarında da artırmaqdır. Kompleksdə ilin 10 ayı ərzində qolf oynamağa imkan verən meydança yaradılıb.
Qolf Klubun ərazisində zəruri idman və turizm infrastrukturu qurulub. Burada 80 yerlik mehmanxananın istifadəyə verilməsi, qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli turnirlərin keçirilməsi nəzərdə tutulur.
Turizm, idman, sağlamlıq və əyləncə imkanlarını bir araya gətirən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubla yanaşı, dörd və beşulduzlu hotellər, restoranlar və çimərlik sahələrinin də fəaliyyət göstərməsi planlaşdırılır.
Mərasimdə Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov dövlət başçılarını salamlayıb. Daha sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.
Tədbirin sonunda dövlət başçıları kompleksin ərazisi ilə tanış olub və qolf oyununun rəmzi başlanma mərasimində iştirak ediblər. Prezident İlham Əliyevin tədbirə qatılması barədə məlumat Azərbaycan Prezidentinin rəsmi saytında da yayımlanıb.







