Avropa futbolunun bir sıra yüksəkvəzifəli rəsmiləri 2027-ci ildə keçiriləcək FIFA prezident seçkisində hazırkı rəhbər Canni İnfantinoya qarşı güclü namizəd irəli sürmək imkanını nəzərdən keçirirlər.
MSNews.az xəbər verir ki, “Politico” mənbələrə istinadən Avropa futbol dairələrində potensial namizədlər arasında Qətərli idman funksioneri və Fransanın “Pari Sen-Jermen” klubunun prezidenti Nasser Əl-Xelaifinin adının müzakirə olunduğunu bildirib. Məlumata görə, əsas çətinlik onun namizədliyə razı salınmasıdır.
Bununla belə, Əl-Xelaifinin nümayəndəsi onun FIFA prezidenti vəzifəsinə namizəd olmaq niyyətinin olmadığını açıqlayıb.
“Nasser Əl-Xelaifinin FIFA-da vəzifə tutmaqla bağlı heç bir ambisiyası, niyyəti və marağı yoxdur”, – deyə onun nümayəndəsinin açıqlamasında bildirilib.
Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. O, 2019 və 2023-cü illərdə yenidən prezident seçilib və 2027-ci ildə keçiriləcək növbəti seçkidə də namizəd olacağını rəsmi şəkildə açıqlayıb.
UEFA ilə FIFA rəhbərliyi arasındakı gərginliyin əsas səbəblərindən biri İnfantinonun FIFA-nın kommersiya hüquqlarının bir hissəsini özəl investorlara açmaq məqsədi daşıyan “FIFA Forward Enterprise” layihəsidir. Avropanın 55 milli futbol assosiasiyası layihənin şəffaflıq və idarəçilik prinsipləri ilə bağlı narahatlıq yaradaraq gələcək FIFA turnirlərini boykot etmək ehtimalını gündəmə gətirib.
Bəzi media resurslarında UEFA-nın İnfantinonu “vəzifəsindən uzaqlaşdırmaq” istədiyi yazılsa da, hazırda onun istefası və ya dərhal kənarlaşdırılması barədə rəsmi qərar yoxdur. Söhbət əsasən 2027-ci il seçkisi üçün rəqib namizədin müəyyənləşdirilməsindən və mümkün etimadsızlıq mexanizmlərinin müzakirəsindən gedir.
Nasser Əl-Xelaifi “Paris Sen-Jermen”in prezidenti olmaqla yanaşı, Avropa Futbol Klubları təşkilatına rəhbərlik edir və UEFA İcraiyyə Komitəsinin üzvüdür. Onun namizədliyi ilə bağlı müzakirələr davam etsə də, özü hələlik bu ehtimalı qəti şəkildə rədd edir.