Zinəddin Zidan Fransa milli futbol komandasının yeni baş məşqçisi təyin olunub.
MSNews.az xəbər verir ki, Fransa Futbol Federasiyası 54 yaşlı mütəxəssislə dördillik müqavilə bağlandığını rəsmən açıqlayıb. Razılaşma 2026-cı il avqustun 1-dən qüvvəyə minəcək və 2030-cu il dünya çempionatınadək davam edəcək.
Zidan 2012-ci ildən Fransa millisinə rəhbərlik edən Didye Deşamı əvəzləyib. Deşamın başçılığı altında Fransa 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında finala yüksəlib və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.
Təyinat mərasimində danışan Zidan son illərdə məhz bu günü gözlədiyini bildirib. O, Fransa millisinə rəhbərlik etməyin “Real Madrid”i çalışdırdıqdan sonra əsas peşəkar arzusu olduğunu vurğulayıb. Fransa Futbol Federasiyasının məlumatına görə, Zidanın namizədliyi qurumun İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib.
“Reuters” yazır ki, Zidan milli komandadakı fəaliyyətinə UEFA Millətlər Liqasının səfərdə Türkiyəyə qarşı keçiriləcək oyunu ilə başlayacaq. Fransa daha sonra doğma meydanda İtaliya millisini qəbul edəcək.
“Associated Press” də Fransa futbolunun əfsanəsinin milli komandanın baş məşqçisi təyin edildiyini təsdiqləyib.
Zidan futbolçu kimi Fransa millisinin heyətində 1998-ci il dünya çempionatının və 2000-ci il Avropa çempionatının qalibi olub. Baş məşqçi kimi isə “Real Madrid”lə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.