Səkkiz ölkə İsrailin Əl-Əqsa addımlarını pislədi

Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ İsrailin Əl-Əqsa məscidindəki addımlarını pisləyərək Qüdsün Köhnə şəhərinə giriş məhdudiyyətlərinin aradan qaldırılmasını tələb ediblər.

13

Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri İsrailin Əl-Əqsa məscidi kompleksindəki son addımlarını kəskin şəkildə pisləyiblər.

MSNews.az xəbər verir ki, səkkiz ölkənin iyulun 23-də yaydığı birgə bəyanatda ifrat sağçı israilli nazirlərin rəhbərliyi altında məskunlaşanların Əl-Əqsa məscidinə kütləvi şəkildə daxil olması, kompleksin həyətində İsrail bayrağının qaldırılması və İsrail polisinin ərazidə iki çadır qurması təxribatçı addımlar kimi qiymətləndirilib. Nazirlər bu əməllərin beynəlxalq hüququ, BMT qətnamələrini və işğal altındakı Şərqi Qüdsdə müqəddəs məkanların tarixi-hüquqi status-kvosunu pozduğunu bildiriblər.

Bəyanatda ifrat sağçı israilli nazirlərin və radikal qrupların təhrik, basqına səfərbərlik və zorakılıq çağırışları da qətiyyətlə pislənilib. Xarici siyasət rəhbərləri belə addımların nifrət və ekstremizmi gücləndirdiyini, iki dövlətli həll əsasında ədalətli və davamlı sülhə nail olmaq səylərinə mane olduğunu vurğulayıblar.

Səkkiz ölkə İsrailin işğal altındakı Qüds, eləcə də şəhərdəki müsəlman və xristian müqəddəs məkanları üzərində suverenliyə malik olmadığını bəyan edib. Nazirlər İsrailin Şərqi Qüdsün tarixi, hüquqi və demoqrafik xarakterini dəyişdirməyə, dini məkanların müqəddəsliyini və mövcud statusunu sarsıtmağa yönəlmiş addımlarını rədd ediblər.

Birgə bəyanatda Əl-Əqsa məscidi və Əl-Hərəm əş-Şərifin 144 dönümlük bütün ərazisinin yalnız müsəlmanların ibadət yeri olduğu vurğulanıb. Qüds Vəqfləri və Əl-Əqsa Məscidi İşləri İdarəsinin kompleksin idarə olunması və əraziyə girişin tənzimlənməsi üzrə müstəsna səlahiyyətə malik hüquqi qurum olduğu bildirilib. Nazirlər müqəddəs məkanlar üzərində İordaniyanın tarixi Haşimi himayəsinin xüsusi rolunu da təsdiqləyiblər.

Xarici işlər nazirləri İsraili Qüdsün Köhnə şəhərinə tətbiq edilən giriş məhdudiyyətlərini dərhal aradan qaldırmağa və müsəlmanların Əl-Əqsa məscidinə daxil olmasına mane olmamağa çağırıblar. Onlar beynəlxalq ictimaiyyətdən də İsrailin Qüdsdəki müsəlman və xristian müqəddəs məkanlarına qarşı qanunsuz addımlarını dayandırması üçün qəti mövqe nümayiş etdirməsini istəyiblər.

Birgə bəyanat İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa kompleksinə səfərindən sonra yayılıb. “Reuters” bildirir ki, Ben-Qvir yəhudi ziyarətçilərin kompleksdə ibadət etməsini alqışlayıb. Bu isə mövcud qaydalara əsasən ərazidə yalnız müsəlmanların ibadət etməsini nəzərdə tutan razılaşmaya zidd hesab olunur. İordaniya və Fələstin rəsmiləri səfəri status-kvonun pozulması və qəbuledilməz təxribat adlandırıblar.