BMT rəhbəri 17 ildən sonra Suriyaya səfər edib

BMT-nin Baş katibi Antoniu Qutyerreş 2009-cu ildən bəri təşkilatın fəaliyyətdə olan rəhbərinin Suriyaya ilk səfərini həyata keçirib. O, Dəməşqdə ölkə rəhbərliyi ilə keçid prosesi və yenidənqurma məsələlərini müzakirə edib.

15

BMT-nin Baş katibi Antoniu Qutyerreş 17 ildən sonra təşkilatın fəaliyyətdə olan rəhbərinin Suriyaya ilk səfərini həyata keçirmək üçün Dəməşqə gəlib.

MSNews.az xəbər verir ki, Qutyerreş iyulun 25-də Suriyanın paytaxtına çatıb. Bu, onun BMT-nin Baş katibi kimi ölkəyə ilk səfəri, eyni zamanda 2009-cu ildə Ban Ki Munun səfərindən sonra fəaliyyətdə olan BMT rəhbərinin Suriyaya ilk gəlişidir. Beləliklə, səfərin yalnız 2011-ci ildən bəri deyil, son 17 ildə ilk olduğu dəqiqləşir.

Baş katib Dəməşqə gəlişini “həmrəylik səfəri” adlandırıb. O, BMT-nin Suriyanın həlledici keçid mərhələsində ölkənin yanında olduğunu bildirib və beynəlxalq ictimaiyyəti Suriya xalqına dəstək üçün bütün imkanlardan istifadə etməyə çağırıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qutyerreş Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa və xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşüb. Danışıqlarda ölkənin siyasi keçid prosesi, humanitar vəziyyət, məcburi köçkünlərin geri qayıtması, düşərgələrin bağlanması, erkən bərpa və yenidənqurma məsələləri müzakirə olunub.

“Associated Press” bildirir ki, BMT rəhbəri səfər zamanı Dəməşqdəki Əməvi məscidini və keçmiş hökumət dövründə ağır işgəncələrlə əlaqələndirilən Sednaya həbsxanasını da ziyarət edib. Onun Suriya vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməsi və keçid parlamentində çıxış etməsi də proqramda nəzərdə tutulub.

Quterreş səfəri çərçivəsində İsrailin Suriya ərazisinə zərbələrini və ölkənin cənubundakı hərbi fəaliyyətini də tənqid edib. O, BMT-nin Qolan təpələrini Suriya ərazisi kimi tanıdığını və ölkənin suverenliyinə hörmət edilməli olduğunu vurğulayıb. İsrail Qolan təpələrinin böyük hissəsini 1967-ci ildən nəzarətdə saxlayır.

BMT Baş katibinin səfəri 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyanın beynəlxalq əlaqələrini bərpa etməyə çalışdığı dövrə təsadüf edir. Quterreş keçid prosesinin inklüziv aparılmasının, dini və etnik azlıqların qorunmasının, zorakılıqlarda məsuliyyəti olan şəxslərin cavab verməsinin vacibliyini bildirib.

Baş katibin Suriyada üç gün qalacağı, səfərin sonunda isə İsrail və Suriya arasındakı bufer zonada xidmət edən BMT sülhməramlıları ilə görüşəcəyi gözlənilir.