ABŞ Federal Dairə Məhkəməsi Donald Trampın adının Vaşinqtondakı Con F. Kennedi adına İfa Sənəti Mərkəzinin fasadından və rəsmi materiallarından çıxarılması barədə qərar verib.
“The Washington Post” yazır ki, ABŞ Dairə Məhkəməsinin hakimi Kristofer Kuper Kennedi Mərkəzinin adının yalnız Konqres tərəfindən dəyişdirilə biləcəyini bildirib. Hakimin qərarına əsasən, Trampın adı binanın üzərindəki lövhələrdən, rəsmi sənədlərdən və mərkəzin brendinq elementlərindən çıxarılmalıdır.
Məhkəmə qərarında qeyd olunur ki, Konqres bu mədəniyyət ocağına Con F. Kennedinin adını verib və idarə heyətinin təkbaşına binanı “Tramp Kennedi Mərkəzi” kimi təqdim etmək səlahiyyəti yoxdur. Hakim vurğulayıb ki, mərkəzin qanuni adı yalnız qanunverici orqanın qərarı ilə dəyişdirilə bilər.
“Associated Press” xəbər verir ki, məhkəmə Trampın adının binadan və bütün rəsmi materiallardan iki həftə ərzində çıxarılmasını tələb edib. Qərar həmçinin Kennedi Mərkəzinin iki il müddətinə bağlanmasını nəzərdə tutan genişmiqyaslı təmir planını da müvəqqəti dayandırıb.
Mübahisə Kennedi Mərkəzinin idarə heyətinin binanın adına Trampın adını əlavə etməsi və mərkəzin böyük təmir üçün uzunmüddətli bağlanmasını planlaşdırması ilə başlayıb. Bu addımlara qarşı Konqres üzvü Coys Bitti və tarixi irsin qorunması ilə məşğul olan qruplar məhkəməyə müraciət ediblər.
“Reuters” bildirir ki, Tramp məhkəmə qərarından sonra Kennedi Mərkəzi ilə bağlı iştirakını dayandıracağını və mərkəz üzərində nəzarətin Konqresə qaytarılması məsələsini gündəmə gətirəcəyini deyib. O, binada təhlükəsizlik və təmir problemlərinin olduğunu iddia etsə də, məhkəmə mərkəzin tam bağlanmasının zəruriliyinə dair kifayət qədər əsas görməyib.
Kennedi Mərkəzi ABŞ-ın ən önəmli mədəniyyət ocaqlarından biri hesab olunur. Mərkəz 1958-ci ildə yaradılıb, 1964-cü ildə isə sui-qəsd nəticəsində öldürülən prezident Con F. Kennedinin xatirəsinə onun adı ilə adlandırılıb.
Hazırkı qərar Tramp administrasiyasının Vaşinqtondakı federal və tarixi obyektlərin adlandırılması və yenidən qurulması ilə bağlı təşəbbüslərinə vurulan hüquqi zərbə kimi qiymətləndirilir.