“Komo” akademiyasında başla zərbələrə məhdudiyyət qoydu

İtaliyanın "Como" klubu U-10–U-13 yaş qruplarında başla oynamağa dair yeni qaydalar tətbiq edib. Rafael Varanın dəstəklədiyi təşəbbüs gənc futbolçuların beyin sağlamlığının qorunmasına yönəlib.

20

İtaliyanın “Komo” klubu akademiyasının U-10–U-13 yaş qruplarında topa başla zərbə vurulmasını məhdudlaşdıran yeni qaydalar tətbiq edib.

MSNews.az xəbər verir ki, təşəbbüs gənc futbolçuların lazımsız baş zərbələrindən qorunması, sağlamlığının təmin edilməsi və texniki inkişafının dəstəklənməsi məqsədi daşıyır. Klub başla oynamaq texnikasının uşaqlara yalnız buna hazır olduqları mərhələdə, nəzarətli və tədrici formada öyrədilməsini planlaşdırır.

Yeni qaydalara əsasən, U-10 komandalarının məşq və oyunlarında topa başla zərbə vurmaq tamamilə qadağan ediləcək. Bu yaş kateqoriyasında topun yan xətdən oyuna daxil edilməsi ayaqla həyata keçiriləcək, künc zərbələri isə topun yerlə ötürülməsi formasında yerinə yetiriləcək.

U-11 səviyyəsində də ümumi qayda olaraq məşq və oyunlarda başla oynamağa icazə verilməyəcək. Bununla belə, mövsümün sonlarına doğru yüngül rezin toplardan istifadə olunmaqla başla zərbə texnikasının ilkin şəkildə öyrədilməsi mümkün olacaq.

U-12 komandalarında bu texnikanın ayda bir dəfədən çox olmayaraq məşq etdirilməsi nəzərdə tutulur. Hər belə məşqdə futbolçu maksimum beş dəfə başla zərbə vura biləcək. Bu yaş qrupunun oyunları isə İtaliya Futbol Federasiyasının mövcud qaydalarına uyğun keçiriləcək.

U-13 səviyyəsində başla zərbələr məşqlərdə həftədə bir dəfə və hər oyunçu üçün maksimum beş toxunuşla məhdudlaşdırılacaq. Rəsmi oyunlarda isə başla oynamağa icazə verilməyəcək. Topun yan xətdən oyuna daxil edilməsi zamanı ötürmələrin baş səviyyəsindən aşağı istiqamətləndirilməsi tələb olunacaq.

İtaliyanın “La Gazzetta dello Sport” nəşri bildirir ki, təşəbbüs “Komo”nun Təhsil Şurasının üzvü Rafael Varanın baş zərbələrinin gənc futbolçuların beyin sağlamlığına mümkün təsirləri ilə bağlı apardığı kampaniyanın davamıdır.

Varan uşaqların beyninin hələ inkişaf mərhələsində olduğunu vurğulayaraq lazımsız baş təmaslarının azaldılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, gənc futbolçular üçün aydın qaydaların, düzgün məşq prosesinin və təhlükəsizliyə üstünlük verən mühitin yaradılması əsas şərtdir.

Klubun inkişaf üzrə rəhbəri Osian Roberts isə məhdudiyyətlərin uşaqlara topla daha çox vaxt keçirmək, meydanı müşahidə etmək, qərarvermə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək imkanı yaradacağını deyib.

Başla oynamağın uşaq futbolunda məhdudlaşdırılması yalnız “Komo”nun təşəbbüsü deyil. “Reuters” daha əvvəl İngiltərə Futbol Assosiasiyasının aşağı yaş qruplarında məqsədli baş zərbələrini mərhələli şəkildə oyunlardan çıxarmağa başladığını yazmışdı. Bu qərarın həm potensial sağlamlıq risklərinin azaldılmasına, həm də uşaqların topla texniki bacarıqlarının artırılmasına yönəldildiyi bildirilmişdi.