“Ted Lasso” serialında Dani Rohas obrazı ilə tanınan aktyor Kristo Fernandes peşəkar futbola qayıdıb. 35 yaşlı meksikalı aktyor ABŞ-ın ikinci səviyyəli futbol liqası hesab edilən USL Championship təmsilçisi “El Paso Locomotive” ilə müqavilə imzalayıb.
Klubun rəsmi açıqlamasına görə, Fernandes komandaya hücumçu mövqeyində qoşulub, müqavilə isə liqa və federasiya təsdiqindən sonra qüvvəyə minəcək.
Fernandes “El Paso Locomotive”lə müqavilə imzalamazdan əvvəl iki ay komandanın baxışında olub. O, bu müddətdə mövsümöncəsi matçda da iştirak edib və məşqçilər korpusunun etimadını qazana bilib.
Kristo Fernandes üçün bu keçid həm də simvolik məna daşıyır. O, “Ted Lasso”da futbolu həyatının mərkəzinə qoyan Dani Rohas obrazını canlandırmışdı. İndi isə aktyor real həyatda da eyni mövqedə — hücumçu kimi peşəkar futbola qayıdır.
Fernandes əvvəllər Meksikada gənclər səviyyəsində futbol oynayıb. Lakin 15 yaşında aldığı ciddi diz zədəsi onun futbolçu karyerasını erkən dayandırmasına səbəb olub. Sonradan aktyorluğa yönələn Fernandes “Ted Lasso” serialı ilə geniş tanınıb, amma futbol arzusunu tamamilə geridə qoymayıb.
“El Paso Locomotive”in baş məşqçisi Junior Qonzales Fernandesin komandaya hücum xəttində əlavə seçim qazandıracağını bildirib. Onun sözlərinə görə, aktyor-futbolçunun oyuna həvəsi və liderlik keyfiyyətləri klubun komanda mühitinə müsbət təsir göstərə bilər.