İnfantinonu tənqid edən Kevin Lamour işdən çıxarılıb

FIFA-nın əməliyyat direktoru Kevin Lamour Canni İnfantinonun Dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planını açıq tənqid etdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

50

FIFA-nın baş əməliyyat direktoru Kevin Lamour qurumun prezidenti Canni İnfantinonun Dünya çempionatının kommersiya gəlirlərinin bir hissəsini özəl investorlara açmaq planını sərt tənqid etdikdən sonra təşkilatdan ayrılıb. “Reuters”“Sky News” Lamourun işdən çıxarıldığını bildirir.

MSNews.az xəbər verir ki, FIFA Lamourun gedişini təsdiqləsə də, qərarın səbəbi barədə ətraflı açıqlama verməyib. Qurum onun xidmətlərinə görə təşəkkür etməklə kifayətlənib.

Lamour iyulun 31-də “Associated Press”-ə təqdim etdiyi açıqlamada İnfantinonun təşəbbüsünü “bir nəfərin layihəsi” adlandırmışdı. O, FIFA əməkdaşlarının plan barədə lazımi şəkildə məlumatlandırılmadığını bildirərək layihənin həyata keçirilməməli olduğunu vurğulamışdı.

Fransalı funksioner mümkün nəticələri əvvəlcədən qəbul etdiyini də açıq şəkildə bildirmişdi: “Əgər bu, işimi itirməyim deməkdirsə, qoy belə olsun”. Lamour həmçinin futbol rəhbərlərini yaranmış vəziyyətlə bağlı “düzgün sualları verməyə və düzgün qərarlar qəbul etməyə” çağırmışdı.

Mübahisəli layihə FIFA Forward Enterprise” adlı yeni kommersiya strukturunun yaradılmasını nəzərdə tuturdu. Plana əsasən, təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən şirkətin 20 faizlik payının özəl investorlara satılması və bununla təxminən 4,2 milyard dollar vəsait cəlb edilməsi planlaşdırılırdı. Yeni qurum FIFA-nın yayım, sponsorluq, bilet və digər əsas kommersiya hüquqlarını idarə etməli idi.

Təşəbbüs UEFA, AFC və CONCACAF daxil olmaqla bir sıra futbol qurumlarının ciddi etirazına səbəb oldu. FIFA yaranan təzyiqdən sonra layihədən imtina edib. İnfantinonun müşaviri Karlos Kordeyro da bundan əvvəl eyni plana etiraz edərək vəzifəsindən ayrılmışdı.

Lamour 2024-cü ildən FIFA-nın baş əməliyyat direktoru vəzifəsində çalışırdı. O, əvvəllər UEFA-da da fəaliyyət göstərib və uzun illər İnfantino ilə eyni qurumlarda çalışmış yüksək vəzifəli futbol funksionerlərindən biri olub.