Messinin ailəsinin Braziliya ilə bağlılığı üzə çıxıb

Üçillik genealoji araşdırmaya görə, Lionel Messinin ana tərəfdən ulu babası Braziliyanın Ribeiran-Preto şəhərində doğulub, ailə isə 1905-ci ildə Argentinaya köçüb.

16

Argentinalı futbolçu Lionel Messinin ana tərəfdən ailə tarixində Braziliya ilə bağlı indiyədək az bilinən məqamlar üzə çıxıb.

MSNews.az xəbər verir ki, italiyalı tədqiqatçı Fiorenzo Santininin üç il davam edən genealoji araşdırmasına əsasən, Messinin ana xətti üzrə ulu babası Braziliyanın San-Paulu ştatındakı Ribeiran-Preto şəhərində dünyaya gəlib.

“Globo Esporte” yazır ki, araşdırma Messinin ana tərəfdən kötükcəsi Raniero Koççettinidən başlayır. O, həyat yoldaşı Rosa Rikçezza və İtaliyada doğulan iki övladı ilə birlikdə 1899-cu il sentyabrın 20-də gəmi ilə Braziliyanın Santos limanına çatıb.

Tarixi immiqrasiya sənədlərində Ranieronun adı və soyadı “Ramiero Konçenttini” kimi qeydə alınıb. Tədqiqatçı bunu həmin dövrdə xarici adların yazılışı və tələffüzü zamanı tez-tez yol verilən dəyişikliklərlə izah edib.

Raniero Braziliyada fermer kimi çalışıb və ailə San-Paulu ştatının daxilində məskunlaşıb. Onların burada daha iki övladı dünyaya gəlib: Erminia 1900-cü ildə, Arderiqo isə 1904-cü ildə doğulub.

Santininin araşdırmasına görə, Arderiqonun adı Braziliyadakı qeydiyyat zamanı Federiko, Koççettini soyadı isə Kuççittini kimi yazılıb. Məhz Federiko Kuççittini Lionel Messinin ana tərəfdən ulu babası hesab olunur.

Ailə 1905-ci il sentyabrın 27-də Braziliyadan Argentinaya köçərək Rosario bölgəsində məskunlaşıb. Sonrakı illərdə burada Messinin babası Antonio Kuççittini, anası Selia Maria Kuççittini və 1987-ci il iyunun 24-də Lionel Andres Messi Kuççittini dünyaya gəlib.

Fiorenzo Santini Messinin ana tərəfdən nəsil ağacını 2019–2022-ci illərdə araşdırdığını bildirib. Onun sözlərinə görə, Kuççittini soyadının İtaliyadakı əvvəlki sənədlərdə mövcud olmaması ailənin Braziliyadan keçən tarixinin müəyyənləşdirilməsində əsas ipucu olub.

Araşdırma Messinin birbaşa olaraq braziliyalı olması anlamına gəlmir. Söhbət onun İtaliyadan Braziliyaya, oradan isə Argentinaya köçmüş ana tərəfdən əcdadlarından birinin Braziliyada doğulmasından və ailənin təxminən altı il bu ölkədə yaşamasından gedir.