Azərbaycanın Türkiyə və Özbəkistandakı səfirləri dəyişdirilib

Prezident İlham Əliyevin sərəncamları ilə Rəşad Məmmədov Türkiyədəki səfir vəzifəsindən geri çağırılaraq Özbəkistana, Rəşad Aslanov isə İtaliyadakı vəzifələrindən azad edilərək Türkiyəyə səfir təyin olunub.

13

Azərbaycanın Türkiyə, Özbəkistan və İtaliyadakı diplomatik nümayəndəliklərinin rəhbərliyində dəyişiklik edilib.

MSNews.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rəşad Məmmədov 2021-ci ilin iyulundan Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışırdı.

Prezidentin başqa bir sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San Marinodakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

O, həmçinin Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifəsindən azad edilib.

İlham Əliyevin digər sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Beləliklə, Rəşad Məmmədov diplomatik fəaliyyətini Daşkənddə, Rəşad Aslanov isə Ankarada davam etdirəcək.