Argentina azarkeşləri finalın təkrar oynanılmasını istəyir

Argentina azarkeşlərinin 2026 Dünya çempionatının İspaniyaya qarşı finalının təkrar keçirilməsi üçün başladığı petisiya 80 mindən çox imza toplayıb. İspaniyanın nəqliyyat naziri Oskar Puente təşəbbüsə istehzalı cavab verib.

13

Argentina millisinin azarkeşləri İspaniyaya qarşı keçirilmiş 2026-cı il dünya çempionatının finalının təkrar oynanılması tələbi ilə onlayn petisiya yaradıblar.

MSNews.az xəbər verir ki, azarkeşlər sloveniyalı hakim Slavko Vinçiçin idarəçiliyindən narazı olduqlarını bildirərək finalın nəticəsinin ləğv edilməsini və qarşılaşmanın başqa hakimlə yenidən keçirilməsini tələb edirlər.

“Change.org” platformasında Gisela Sançes adlı istifadəçi tərəfindən başladılan kampaniya əvvəlcə 60 mindən çox imza toplamışdı. Son məlumatlara görə, imza sayı artıq 80 mini keçib. Petisiyada hakimin qərarlarının matçın nəticəsinə təsir göstərdiyi və FIFA-nın məsələni araşdırmalı olduğu iddia edilir.

Bu barədə “Cadena SER” məlumat yayıb.

İspaniya millisi iyulun 19-da keçirilən finalda Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Qələbə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub. Argentina isə qarşılaşmanın 120 dəqiqəsi ərzində rəqib qapısına dəqiq zərbə endirə bilməyib.

Petisiyaya İspaniyanın nəqliyyat və dayanıqlı mobillik naziri Oskar Puente də reaksiya verib. Nazir sosial şəbəkədə təşəbbüsü istehza ilə şərh edib:

“Onlar daha 120 dəqiqə istəyirlər ki, bəlkə nəhayət qapıya zərbə vura bildilər”.

Puente bu sözləri petisiya haqqında yayılan xəbəri paylaşarkən yazıb.

Argentina azarkeşlərinin narazılığı əsasən hakim qərarları ilə bağlı olsa da, komandanın baş məşqçisi Lionel Skaloni matçdan sonra İspaniyanın qələbəyə layiq olduğunu etiraf edib. FIFA isə finaldan sonra futbolçular arasında baş verən qarşıdurma ilə bağlı ayrıca intizam araşdırmasına başlayıb.

Onlayn petisiyanın hüquqi qüvvəsi yoxdur və FIFA matçın təkrar keçirilməsi barədə hər hansı qərar açıqlamayıb. Futbol tarixində azarkeşlərin oxşar müraciətləri nəticələrin dəyişdirilməsinə səbəb olmayıb.