Puqaçov: “Putin ikinci müddətə qalmaq istəmirdi”

Keçmiş rusiyalı milyarder Sergey Puqaçov Vladimir Putinin 2004-cü ildə ikinci prezidentlik müddətinə namizəd olmaq istəmədiyini və hakimiyyətdən ayrılaraq İspaniyada yaşamağı planlaşdırdığını iddia edib.

12

Rusiyanın keçmiş senatoru və bir vaxtlar Kremlə yaxınlığına görə “Putinin bankiri” adlandırılan Sergey Puqaçov Prezident Vladimir Putinin ilk müddətindən sonra hakimiyyətdə qalmaq istəmədiyini iddia edib.

MSNews.az xəbər verir ki, Puqaçov bu fikirləri “Deutsche Welle” telekanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Putin 2004-cü ildə ikinci dəfə prezident seçilmək niyyətində olmadığını və əvvəlki razılaşmaların hakimiyyətdə uzun müddət qalmasını nəzərdə tutmadığını deyirdi.

Puqaçov Putinin həmin dövrdə pul əldə etdikdən sonra Rusiyadan ayrılaraq İspaniyada şəxsi həyat yaşamaq istədiyini irəli sürüb:

“O deyirdi ki, seçilmək istəmirəm, biz belə razılaşmamışdıq. Onun başqa planları var idi — pul əldə edib İspaniyaya getmək istəyirdi.”

Keçmiş milyarderin iddiasına görə, ilkin plan Putinin qısa müddət hakimiyyətdə qalması, daha sonra isə yeni namizəd müəyyən edilərək növbəti seçkilərin keçirilməsi olub. Lakin Puqaçov vəziyyətin sonradan dəyişdiyini və Putinin yaxın çevrəsinin onu ikinci müddətə qalmağa razı saldığını bildirib.

Puqaçov oxşar fikirləri əvvəlki illərdə də səsləndirib. O, daha əvvəl Putinin hakimiyyətdə cəmi üç-dörd il qalmağı planlaşdırdığını, vəzifədən isə maddi cəhətdən təmin olunmuş şəkildə ayrılmaq istədiyini söyləmişdi.

Sergey Puqaçov 1990-cı illərin sonunda Boris Yeltsinin siyasi çevrəsində fəaliyyət göstərib, Putinin Yeltsinin varisi kimi irəli sürülməsində rol oynadığını bildirib və 2000-ci il prezident seçkilərində onun kampaniyasına dəstək verib. Sonradan Kreml ilə münasibətləri pisləşən Puqaçov Rusiyanı tərk edib və Putinin sərt tənqidçilərindən birinə çevrilib.