ABŞ Dövlət katibi Marko Rubio rusiyalı həmkarı Sergey Lavrovla görüşünün cümə axşamı — iyulun 23-də baş tutacağını təsdiqləyib.
MSNews.az xəbər verir ki, görüş Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının — ASEAN-ın nazirlər səviyyəsində tədbirləri çərçivəsində baş tutacaq. Rubio iyulun 19-dan 23-dək Manilada səfərdədir.
Danışıqların gündəliyi rəsmi şəkildə tam açıqlanmayıb. Bununla belə, “The Guardian” görüş zamanı Ukraynadakı müharibənin və ABŞ–Rusiya münasibətlərinin müzakirə ediləcəyini yazıb.
Görüşün hazırlanması barədə ilk məlumatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamışdı. O, Lavrov və Rubio arasında Manilada ikitərəfli görüşün təşkili üzərində iş aparıldığını bildirmişdi. Kremlin sözçüsü Dmitri Peskov da Moskvanın belə bir təması müsbət qarşılayacağını demişdi.
Rubio daha əvvəl Lavrovla görüşməyə hazır olduğunu, lakin danışıqların yekun şəkildə razılaşdırılıb-razılaşdırılmadığına əmin olmadığını söyləmişdi. Onun son açıqlaması görüşün artıq cədvələ daxil edildiyini göstərir.
Maniladakı ASEAN tədbirlərində Çin xarici işlər naziri Van İ və digər ölkələrin yüksəkvəzifəli diplomatları da iştirak edirlər. Rubio iyulun 22-də Van İ ilə görüşərək ABŞ–Çin münasibətlərini, ticarəti və Çin lideri Si Cinpinin ABŞ-yə mümkün səfərini müzakirə edib.