Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın sabiq yüksəkvəzifəli siyasətçiləri ilə Rusiya nümayəndələrinin iyulun 12–14-də Bakıda gizli görüş keçirdiyini bildirib.
MSNews.az xəbər verir ki, dövlət başçısı bunu Berlində Almaniyanın Federal Kansleri Fridrix Mertslə birgə keçirilən mətbuat konfransında “Deutsche Welle”nin jurnalisti Roman Qonçarenkonun sualını cavablandırarkən açıqlayıb.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan rəhbərliyi mümkün görüş barədə ilk dəfə “The Times” qəzetində yayımlanan materialdan xəbər tutub. Bundan sonra Azərbaycan Dövlət Sərhəd Xidmətindən məqalədə adları çəkilən şəxslərin eyni tarixlərdə ölkədə olub-olmadığının araşdırılması istənilib.
Araşdırma nəticəsində Almaniyanın keçmiş kansleri Angela Merkelin administrasiyasına rəhbərlik etmiş Ronald Pofalla və Brandenburqun sabiq baş naziri Matthias Platzeckin iyulun 12-də Berlin-Bakı reysi ilə Azərbaycana gəldiyi, iyulun 14-də isə Almaniyaya qayıtdığı müəyyənləşdirilib.
Eyni tarixdə Rusiyanın keçmiş baş naziri Viktor Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevin Moskvadan Bakıya gəldiyi bildirilib. Onlardan biri iyulun 13-də, digəri isə iyulun 14-də Azərbaycanı tərk edib.
Prezident İlham Əliyev nə Almaniya, nə də Rusiya tərəfindən Azərbaycan rəhbərliyinə mümkün görüş barədə məlumat verildiyini qeyd edib:
“Sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir.”
Dövlət başçısı Azərbaycan tərəfinin görüşdə iştirak etmədiyi üçün danışıqların məzmunu barədə konkret məlumat verə bilməyəcəyini vurğulayıb. Bununla belə, o, uçuş məlumatlarının Bakıda gizli görüş keçirildiyini deməyə əsas verdiyini söyləyib.
İlham Əliyev görüşün Rusiya-Ukrayna müharibəsinin başa çatmasına töhfə verəcəyi təqdirdə Azərbaycanın bunu alqışlayacağını da əlavə edib.
Federal Kansler Fridrix Merts isə belə bir görüşün keçirilməsindən xəbərdar olmadığını bildirib. Almaniya hökumətinin rəsmi stenoqramında Kanslerin “Belə bir görüş haqqında məlumatım yoxdur” sözləri yer alıb.
“Reuters” yazır ki, Bakıda keçirilən qeyri-rəsmi təmaslar Almaniyanın sabiq siyasətçiləri ilə Rusiya hakimiyyətinə yaxın şəxslər arasında davam edən pərdəarxası dialoqun bir hissəsi kimi qiymətləndirilir. Görüş iştirakçıları əvvəlki təmasları şəxsi təşəbbüs kimi təqdim ediblər.