Rusiya qüvvələrinin avqustun 11-nə keçən gecə Kiyevə raket hücumu nəticəsində şəhərin Şevçenkivski rayonundakı uşaq xəstəxanasının ərazisi zədələnib, başqa bir ərazidə isə anbar binasında iri yanğın baş verib. Bir nəfərin xəsarət aldığı bildirilir.
MSNews.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, uşaq xəstəxanasının ərazisində iki krater yaranıb, binanın şüşələri və qaz borusu zədələnib. Qaz sızması sonradan mütəxəssislər tərəfindən aradan qaldırılıb. Hücum zamanı uşaqlar və tibb işçiləri sığınacaqda olduqları üçün xəstəxanada ölən və yaralanan olmayıb.
“Associated Press” bildirir ki, şəhərin başqa bir hissəsində zərbə nəticəsində anbar binasında başlayan yanğın təxminən 1200 kvadratmetr ərazini əhatə edib. Burada bir nəfər xəsarət alıb.
“Reuters” də Kiyevdə partlayışların eşidildiyini, mərkəzi rayonlardan birində anbarların yandığını və bir nəfərin yaralandığını təsdiqləyib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ölkəyə qarşı hücumda “Zirkon” raketləri, “İsgəndər” ballistik raketləri və ümumilikdə 120 uzaqmənzilli zərbə PUA-sı tətbiq olunub. Rusiya Müdafiə Nazirliyi isə Kiyev və Zaporojyedə hərbi-sənaye, nəqliyyat-logistika obyektlərini, o cümlədən dronların saxlanıldığı məntəqələri hədəfə aldığını açıqlayıb. Bu, Rusiya tərəfinin bəyanatıdır.