Omanın Hörmüz boğazında gəmilərin hərəkətini İran və Oman ərazi sularından keçən iki ayrı marşrut üzrə təşkil etməyi təklif etdiyi bildirilir.
MSNews.az xəbər verir ki, “Reuters”in CNN-ə istinadən yaydığı məlumata görə, layihədə Oman sularından keçən cənub dəhlizində sərbəst və rüsumsuz gəmiçilik nəzərdə tutulur. İran sularından keçən şimal dəhlizindən istifadə edən gəmilər isə Tehrandan əvvəlcədən icazə almalı, lakin tranzit rüsumu ödəməməlidir.
Layihə hələ yekun razılaşma xarakteri daşımır. Ağ Ev və ABŞ Dövlət Departamenti sözügedən təkliflə bağlı yayılan məlumatı dərhal şərh etməyib. “Al Jazeera” da Omanın iki marşrutlu model təklif etdiyini, lakin İranın bu yanaşmaya qarşı çıxdığını bildirib.
İranın xarici işlər naziri Abbas Araqçi və Omanın xarici işlər naziri Bədr əl-Busaidi iyulun 11-də Maskatda Hörmüz boğazında gəmilərin təhlükəsiz və sərbəst hərəkətinin təmin edilməsi yollarını müzakirə ediblər.
Oman Xarici İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, tərəflər beynəlxalq hüquqa uyğun razılaşmanın əldə olunması məqsədilə danışıqları həm siyasi, həm də texniki səviyyədə davam etdirmək barədə razılığa gəliblər. Rəsmi açıqlamada iki marşrutlu layihənin İran tərəfindən təsdiqləndiyi qeyd olunmayıb.
İran nümayəndə heyətinin təklifi rədd edərək daxili məsləhətləşmələr üçün Tehrana qayıtması barədə məlumat isə hələlik Oman və İranın rəsmi açıqlamalarında təsdiqini tapmayıb. Buna görə danışıqların nəticəsi barədə qəti razılaşmadan deyil, müzakirəsi davam edən layihədən danışmaq mümkündür.
“Associated Press” yazır ki, İran boğazdakı hərəkətə nəzarətin özündə qalmasını istəyir, ABŞ isə bütün marşrutların gəmilər üçün təhlükəsiz, sərbəst və rüsumsuz açılmasını tələb edir. Hörmüz boğazından münaqişədən əvvəl dünyada satılan neft və təbii qazın təxminən beşdə biri keçirdi. (