İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ-la bağlı sərt açıqlama verib. O bildirib ki, Vaşinqtonun Yaxın Şərqdəki mövqeləri zəifləyir və ABŞ yaxın zamanda regionu tərk etməyə məcbur olacaq. Vilayəti bu fikrini İranın Fars körfəzi və Hörmüz boğazı ətrafındakı mövqeyi fonunda səsləndirib.
Xəbəri “Jamaran” nəşrinə istinadən veririk.
Vilayəti ABŞ-ın regiondakı vəziyyətini 1956-cı ildə Misir lideri Camal Əbdülnasir tərəfindən Süveyş kanalının milliləşdirilməsi nəticəsində Böyük Britaniyanın məğlubiyyəti ilə müqayisə edib. Onun sözlərinə görə, həmin hadisə Britaniya imperiyasının sonunun başlanğıcı kimi qiymətləndirildiyi kimi, ABŞ-ın İran və “müqavimət cəbhəsi” qarşısında uğursuzluğu da Vaşinqtonun regional təsirinin azalmasına işarədir.
İran rəsmisi Donald Tramp administrasiyasını da hədəfə alıb. Vilayəti iddia edib ki, İran “İkinci Dünya müharibəsindən sonra Amerikaya qalib gələn və Trampı geri çəkilməyə məcbur edən yeganə ölkədir”. O, ABŞ prezidentinin İranla bağlı təhdidlərini nəticəsiz ritorika kimi təqdim edib və Tehranın Vaşinqtonun təzyiqlərinə qarşı dayandığını bildirib.
Vilayətinin açıqlaması ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi, Hörmüz boğazı və Fars körfəzi ətrafında hərbi-siyasi qarşıdurmanın gündəmdə olduğu bir dövrə təsadüf edir. Tehran bu ritorika ilə ABŞ-ın regiondakı hərbi mövcudluğunu zəifləyən imperiya siyasəti kimi təqdim etməyə çalışır.
Bununla belə, Vilayətinin “ABŞ-ın məğlubiyyəti” və “regiondan çıxmağa məcbur qalacağı” barədə fikirləri İran tərəfinin siyasi qiymətləndirməsidir. Vaşinqton hələlik bu açıqlamaya rəsmi cavab verməyib.