Ekspert: “Türkiyə İran böhranını strateji fürsətə çevirə bilər”

QAFSAM eksperti Novruzəli Yusubzadə Türkiyə və İranın İraq Kürdüstanındakı maraqlarının yaxınlaşmasını, S-400 və F-35 məsələsinin mümkün həllini şərh edib.

93

İraq Kürdüstanında və bütövlükdə regionda baş verən proseslər Türkiyə ilə İranın maraqlarının müəyyən məsələlərdə üst-üstə düşdüyünü göstərir.

QAFSAM eksperti Novruzəli Yusubzadənin fikrincə, İranın İraq Kürdüstanında uzunmüddətli və genişmiqyaslı fiziki mövcudluğu Türkiyənin mövqeyi nəzərə alınmadan mümkün deyil.

“Orta Şərqdə bəzi dövlətlərə və qeyri-dövlət qüvvələrinə qarşı müdaxilələr Ankara ilə Tehranın ortaq məxrəcə gəlməsindən sonra reallaşa bilir. Bu baxımdan Türkiyənin ABŞ-İran qarşıdurmasında açıq şəkildə tərəf tutmaması xüsusi əhəmiyyət daşıyır”, – deyə ekspert bildirib.

Yusubzadə hesab edir ki, Ankara yaranmış böhranı öz strateji maraqları naminə fürsətə çevirə bilər. Onun sözlərinə görə, Türkiyə S-400 məsələsini həll edərək yenidən F-35 qırıcılarının alınmasına yol açmağa çalışacaq. Bununla yanaşı, İraqdakı təhlükəsizlik gündəliyində yarım qalmış bəzi məsələlərin İranın fəaliyyəti vasitəsilə həlli mümkün ola bilər.

“Belə bir ssenari Türkiyəyə həm İraqdakı planlarını irəlilətmək, həm də İsraillə birbaşa hərbi qarşıdurma riskindən yayınmaq imkanı verə bilər. İran isə uzun illər ərzində regionda qurduğu siyasi və hərbi sistemin yaratdığı problemləri özü aradan qaldırmağa məcbur olacaq”, – ekspert qeyd edib.

QAFSAM ekspertinin qənaətinə görə, mövcud vəziyyət Türkiyə və İran arasında tarixi rəqabətin müvəqqəti olaraq ikinci plana keçməsinə səbəb ola bilər:

“Qəsri-Şirin müqaviləsindən sonrakı dövrdə nadir hallardan biri kimi, iki ölkənin regional maraqları bu dərəcədə yaxınlaşıb. Türkiyə də öz təhlükəsizlik maraqlarına uyğun olduğu müddətdə mövcud status-kvonun dəyişməsinə göz yuma bilər”.

Qeyd edək ki, S-400 sistemlərinin mümkün transferi və Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı müzakirələr davam etsə də, yekun razılaşma barədə rəsmi qərar açıqlanmayıb. Buna görə bu hissə ekspertin mümkün inkişaf ssenarisi kimi qiymətləndirilməlidir.