Səudiyyə Ərəbistanı Trampın “Project Freedom” planını dayandırdı

"NBC News"-un məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ-a “Project Freedom” əməliyyatı üçün öz bazalarından və hava məkanından istifadə etməyə icazə verməyib. Bu qərar Trampın Hörmüz boğazı planını dayandırmasına səbəb olub.

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün elan etdiyi “Project Freedom” təşəbbüsü Səudiyyə Ərəbistanının etirazından sonra dayandırılıb.

Rəsmi Ər-Riyad Vaşinqtona bu əməliyyat üçün Səudiyyə bazalarından və hava məkanından istifadə etməyə icazə verməyəcəyini bildirib.

MSNews.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir.

Məlumata əsasən, Tramp təşəbbüsü “Truth Social” platformasında elan edərkən ABŞ-ın Körfəz ölkələrindəki müttəfiqləri bu qərara hazır olmayıb. Səudiyyə rəhbərliyi, xüsusilə Şahzadə Sultan aviabazasından və ölkənin hava məkanından “Project Freedom”la bağlı hərbi uçuşlar üçün istifadə olunmasına qarşı çıxıb. “NBC”-yə danışan ABŞ rəsmiləri bildiriblər ki, Tramp və Səudiyyə vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı da fikir ayrılıqlarını aradan qaldırmayıb.

“The Guardian” da NBC-yə istinadən yazır ki, Trampın Hörmüz boğazında gəmilərin müşayiəti planından qəfil geri çəkilməsi Səudiyyə Ərəbistanının ABŞ hərbçilərinin baza və hava məkanından istifadəsini məhdudlaşdırmasından sonra baş verib. Bu addım Vaşinqtonun regiondakı hərbi-logistik imkanları üçün ciddi problem yaradıb.

Məlumatlara görə, Qətər və Oman da daxil olmaqla ABŞ-ın regiondakı digər tərəfdaşları təşəbbüsdən yalnız elan verildikdən sonra xəbər tutublar. Ağ Ev isə sonradan müttəfiqlərin əvvəlcədən məlumatlandırıldığını bildirib. Lakin “NBC”-yə danışan rəsmilər Körfəz ölkələrinin qərardan narazı qaldığını və bunun əməliyyatın dayandırılmasında əsas rol oynadığını deyiblər.

Hazırda Səudiyyə Ərəbistanı bu məlumatlarla bağlı ayrıca rəsmi geniş açıqlama verməyib. “NBC”-nin iddiası ABŞ rəsmilərinə istinadən yayılıb və Vaşinqtonun Hörmüz boğazı planı ətrafında koordinasiya problemini yenidən gündəmə gətirib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.