Almaniya Trampdan Əfqanıstan açıqlamalarına görə üzr istəməsini tələb etdi

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampdan NATO müttəfiqlərinin Əfqanıstandakı rolunu kiçiltməsinə görə üzr istəməsini tələb edib.

18

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampı NATO müttəfiqlərinin Əfqanıstandakı rolunu kiçiltməkdə ittiham edərək, onun bu açıqlamalara görə üzr istəməsini tələb edib.

Nazir Pistorius Almaniyanın “ARD” televiziyasına verdiyi müsahibədə Trampın sözlərinin Amerika qüvvələri ilə çiyin-çiyinə döyüşərkən həlak olan müttəfiq əsgərlərə hörmətsizlik olduğunu bildirib. O qeyd edib ki, həyatını itirmiş əsgərlərin ailələrindən üzr istəmək nəzakət, hörmət və anlayışın göstəricisi olardı və Trampın ifadələrini “uyğunsuz və hörmətsiz” kimi qiymətləndirib.

Bu məsələni ABŞ-ın müdafiə naziri ilə birbaşa müzakirə edib-etməyəcəyi barədə sualı cavablandıran Pistorius, amerikalı həmkarı Pet Hegsetlə ilk fürsətdə danışacağını bildirib.

ABŞ Prezidenti Donald Tramp ötən həftə “Fox News” telekanalına müsahibəsində Vaşinqtonun Əfqanıstanda NATO qüvvələrinə heç vaxt ehtiyac duymadığını iddia etmiş, müttəfiq ölkə hərbçilərinin döyüşlər zamanı cəbhədən uzaqda qaldığını söyləmişdi. Bu açıqlamalar iyirmi illik missiya dövründə itkilər verən Avropa müttəfiqləri, xüsusilə Danimarka, Almaniya və Böyük Britaniyada ciddi narazılıqla qarşılanmışdı.

Rəsmi məlumatlara görə, NATO-nun Əfqanıstandakı missiyaları çərçivəsində 2001–2021-ci illər arasında Almaniya 59, Böyük Britaniya 457, Danimarka isə 43 hərbçisini itirib. Berlin Trampın açıqlamalarının bu itkilərin görməzlikdən gəlinməsi kimi qəbul edildiyini vurğulayır.