Çinin Şençjen şəhərində tamölçülü insanabənzər robotların iştirak etdiyi URKL sərbəst döyüş liqasının açılış qarşılaşması keçirilib.
MSNews.az xəbər verir ki, “EngineAI” şirkətinin təşkil etdiyi yarış iyulun 16-da Şençjenin Nanşan Mədəniyyət və İdman Mərkəzində başlayıb. Təşkilatçılar URKL-ni tamölçülü insanabənzər robotlar üçün ilk kommersiya xarakterli qlobal döyüş liqası kimi təqdim edirlər. Bu barədə “Çin Elm və Texnologiya Qəzeti” məlumat yayıb.

Açılış döyüşündə “Ağ qartal” və “Matador” adlandırılan iki robot üz-üzə gəlib. Qarşılaşma hər biri beş dəqiqə davam edən beş raunddan ibarət olub. Etibarlı zərbələr əsasında hesablanan döyüşdə “Matador” 3:2 hesabı ilə qalib gəlib.
Turnirdə iştirak üçün dünyanın müxtəlif ölkələrindən 200-dən çox komandanın müraciət etdiyi, seçim mərhələlərindən sonra isə 32 kollektivin yarışa buraxıldığı bildirilir. Komandalar Çin, ABŞ, Polşa və Sinqapur da daxil olmaqla müxtəlif ölkələri təmsil edirlər.
“Quanqdonq–Honqkonq–Makao Böyük Körfəz Bölgəsinin” rəsmi portalının məlumatına görə, iştirakçılar arasında Tsinxua Universiteti, Çjetszyan Universiteti, Honqkonq Universiteti, Stenford Universiteti və Berkli Kaliforniya Universiteti ilə əlaqəli komandalar da var.

Bütün komandalar standart döyüş platforması kimi “EngineAI” şirkətinin tamölçülü T800 insanabənzər robotundan istifadə edirlər. Şirkət robotun proqram təminatı və texniki interfeyslərini iştirakçılara açaraq komandaların alqoritmləri, idarəetmə sistemlərini və qoruyucu konstruksiyanı təkmilləşdirməsinə imkan verir.
Yarış zamanı robotların yalnız zərbə gücü deyil, hərəkətə nəzarət, dinamik tarazlıq, ətraf mühitin qavranılması, qərarvermə alqoritmləri, enerji sistemi və konstruksiyanın zərbəyə davamlılığı da qiymətləndiriləcək. Turnir seçmə mərhələsi, qrup daxilində ikidairəvi oyunlar və iki məğlubiyyətdən sonra mübarizədən kənarlaşdırılma sistemi ilə keçiriləcək.
URKL-in qlobal finalının 2026-cı ilin dekabrı ilə 2027-ci ilin yanvarı arasında keçirilməsi planlaşdırılır. “Çin Elm və Texnologiya Qəzeti” turnirin ümumi mükafat fondunun 14 milyon yuan olduğunu yazır. Çempion komanda isə dəyəri 10 milyon yuan olan xalis qızıldan hazırlanmış kəməri və ya ona bərabər pul mükafatını seçə biləcək.
Təşkilatçılar yarışın yalnız əyləncə məqsədi daşımadığını bildirirlər. Məqsəd yüksək intensivlikli qarşılaşmalardan əldə olunan məlumatlar vasitəsilə insanabənzər robotların tarazlıq, hərəkət, təhlükəli şəraitdə işləmə və zərbələrə davamlılıq texnologiyalarını inkişaf etdirməkdir.