Zelenski Hakan Fidanı II dərəcəli ordenlə təltif edib

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin xarici işlər naziri Hakan Fidanı II dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib. Görüşdə sülh səyləri və ikitərəfli münasibətlər müzakirə olunub.

19

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin xarici işlər naziri Hakan Fidanı II dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.

MSNews.az xəbər verir ki, təltifetmə iyulun 16-da Fidanın Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti ilə keçirdiyi görüş zamanı baş tutub. Bu barədə həm Ukrayna Prezidentinin Ofisi, həm də Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna Prezidentinin 611/2026 nömrəli fərmanına əsasən, Hakan Fidan dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə verdiyi mühüm şəxsi töhfəyə görə təltif olunub.

Zelenski görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynanın Ankarada keçirilən NATO sammitinə dəvət edilməsinə görə təşəkkür edib. O, Türkiyənin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə müharibənin başa çatdırılması istiqamətində diplomatik vəziyyət və sülh danışıqlarını fəallaşdıra biləcək mümkün addımlar müzakirə olunub. Fidan Türkiyənin bu istiqamətdə apardığı diplomatik iş və müxtəlif səviyyələrdə həyata keçirdiyi təmaslar barədə məlumat verib. Zelenski isə cəbhədəki mövcud vəziyyətlə bağlı Türkiyə tərəfini məlumatlandırıb.

Tərəflər Ukrayna və Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişafına da toxunublar. Xüsusilə iki ölkə arasında azad ticarət zonası haqqında sazişin icrası və qarşılıqlı ticarət dövriyyəsinin artırılması imkanları nəzərdən keçirilib.

Ukrayna Ali Radası iyulun 14-də Ukrayna və Türkiyə hökumətləri arasında 2022-ci ildə imzalanmış azad ticarət sazişini 236 deputatın səsi ilə ratifikasiya edib. Türkiyə parlamenti həmin sazişi 2024-cü ildə təsdiqləmişdi.

Hakan Fidan daha əvvəl də Ukraynanın eyni ordeni ilə təltif olunub. O, 2022-ci ildə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsində çalışarkən III dərəcəli “Xidmətlərə görə” ordeninə layiq görülmüşdü.