Fransada istilər səbəbindən üç nüvə reaktoru dayandırılıb

Fransada çay sularının temperaturunun yüksəlməsi səbəbindən üç nüvə reaktoru müvəqqəti dayandırılıb. Daha altı enerji blokunda istehsal gücü azaldıla bilər.

14

MSNews.az xəbər verir ki, iyulun 14-nə olan məlumata əsasən, “Golfech” Atom Elektrik Stansiyasının 2-ci, “Bugey” stansiyasının 3-cü və “Chooz” stansiyasının 2-ci reaktoru elektrik şəbəkəsindən ayrılmış vəziyyətdədir. Bu barədə “AFP” Fransanın dövlət enerji şirkəti EDF-yə istinadən məlumat yayıb.

“Golfech-2” iyulun 9-dan, “Bugey-3” iyulun 10-dan, “Chooz-2” isə iyulun 11-dən etibarən dayandırılıb. EDF qərarın meteoroloji şərait və soyutma prosesindən sonra çaylara qaytarılan suyun temperaturunu tənzimləyən ekoloji normalarla bağlı olduğunu bildirib.

Şirkətin məlumatına görə, “Saint-Alban” stansiyasının 1-ci və 2-ci, “Blayais” stansiyasının 1-ci və 3-cü, həmçinin “Bugey” stansiyasının 4-cü və 5-ci reaktorlarında temperatur və çayların su səviyyəsindən asılı olaraq istehsal gücü azaldıla bilər.

Bir gün əvvəl “Reuters” EDF məlumatlarına istinadən səkkiz reaktorda ümumilikdə 6,3 giqavatlıq istehsal məhdudiyyəti qeydə alındığını bildirmişdi. Bu həcm həmin vaxt Fransanın ümumi elektrik tələbatının təxminən 14 faizinə bərabər olub. Bununla belə, ölkənin elektrik enerjisi ixracatçısı olaraq qaldığı qeyd edilib.

Nüvə reaktorlarının soyudulması üçün çay və dəniz suyundan istifadə olunur. İstehsal prosesindən sonra su daha yüksək temperaturda təbiətə qaytarılır. Çayın temperaturu və su səviyyəsi müəyyən edilmiş hədlərə çatdıqda ekosistemin qorunması məqsədilə EDF reaktorların gücünü azaltmalı və ya onları müvəqqəti dayandırmalıdır.

“Le Parisien” yazır ki, iyulun 12-də üç reaktor tam dayandırılmış, daha səkkiz reaktor isə azaldılmış güclə işləyirdi. Məhdudiyyətlər texniki nasazlıq və ya nüvə təhlükəsizliyi problemi ilə deyil, ətraf mühitə istilik təsirinin normativ hədlərdə saxlanılması ilə əlaqədardır.

Fransada 57 nüvə reaktoru fəaliyyət göstərir. Onların hamısı soyutma suyuna çıxış əldə etmək üçün çayların və ya dənizin yaxınlığında yerləşir. İstilərlə bağlı məhdudiyyətlər hava şəraiti, çayların axın sürəti və suyun temperaturundan asılı olaraq sürətlə dəyişə bilər.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031