Pentaqon 1949-cu ilin “yaşıl atəş topları” sənədini yayımladı

Pentaqonun UAP arxivinə əlavə edilən məxfiliyi ləğv olunmuş sənəd 1949-cu ildə Los-Alamosda sirli “yaşıl atəş topları” ilə bağlı keçirilmiş gizli iclasın təfərrüatlarını üzə çıxarıb.

13

Pentaqonun UAP — naməlum anomal hadisələrlə bağlı arxivinə əlavə etdiyi sənədlər arasında 1949-cu ildə Los-Alamos nüvə laboratoriyasında keçirilmiş gizli iclasın protokolu da yer alıb.

MSNews.az xəbər verir ki, Pentaqonun yeni açıqladığı paketə müxtəlif dövlət qurumlarından əldə olunmuş 40 material — 14 sənəd, 19 video, 4 audioyazı və 3 foto daxildir. “CBS News” sənədlərin 1948–2025-ci illərdə qeydə alınan UAP hadisələrini əhatə etdiyini bildirir.

“Pentaqonun UAP arxivində” yayımlanan protokola əsasən, iclas 16 fevral 1949-cu ildə Los-Alamos Elmi Laboratoriyasında keçirilib. Görüşdə ABŞ ordusunun, Federal Təhqiqatlar Bürosunun, Atom Enerjisi Komissiyasının nümayəndələri, eləcə də Edvard Teller, Frederik Rayns və Norris Bredberi kimi alimlər iştirak ediblər. İclas zamanı müzakirə olunan məlumatlar “məxfi” kimi təsnif edilmişdi.

Müzakirələr 1948-ci ilin dekabrından etibarən Nyu-Meksiko səmasında, xüsusilə həssas nüvə və hərbi obyektlərin yaxınlığında müşahidə edilən parlaq yaşıl işıqlarla bağlı olub. Şahidlər obyektlərin qəfil tam parlaqlıqla göründüyünü, sarımtıl-yaşıl rəngdə olduğunu, demək olar ki, üfüqi istiqamətdə sabit sürətlə hərəkət etdiyini və güclü işıq saçmasına baxmayaraq səs yaratmadığını bildiriblər.

Nyu-Meksiko Universitetinin meteoritlər üzrə mütəxəssisi Linkoln LaPaz 12 dekabr 1948-ci ildə müşahidə etdiyi hadisənin təxminən iki saniyə davam etdiyini və adi meteor düşməsinə uyğun gəlmədiyini deyib. O, belə obyektlərin uzun üfüqi trayektoriya, sabit sürət, qeyri-adi rəng və səssizlik kimi xüsusiyyətlərinin ənənəvi meteor izahını şübhə altına aldığını bildirib.

Bununla belə, sənədlər müşahidələrin kosmik və ya yadplanetli mənşəli olduğunu təsdiqləmir. Los Alamos Milli Laboratoriyasının məlumatına görə, iclas iştirakçıları yadplanetli mənşə ehtimalına şübhə ilə yanaşıblar. Hadisələrin araşdırılması üçün sonradan “Project Twinkle” proqramına başlanılsa da, layihə tam həyata keçirilməyib və iki ildən sonra bağlanıb. Rəsmi yekun qiymətləndirmədə “yaşıl atəş toplarının” böyük ehtimalla təbii mənşəli olduğu bildirilib.

Pentaqon yeni sənədlərin ictimaiyyətə təqdim edilməsinin başa çatmadığını və UAP arxivinə əlavə materialların mərhələli şəkildə yerləşdiriləcəyini açıqlayıb.