ABŞ Tayvana 14 milyard dollarlıq silah satışını dayandırdı

ABŞ Hərbi Dəniz Qüvvələri İranla müharibə fonunda Tayvana nəzərdə tutulan 14 milyard dollarlıq silah paketinin müvəqqəti dayandırıldığını təsdiqləyib.

ABŞ Hərbi Dəniz Qüvvələri rəhbərliyi Tayvana nəzərdə tutulan 14 milyard dollarlıq silah paketinin müvəqqəti dayandırıldığını təsdiqləyib. ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kao Senatın Müdafiə xərcləri üzrə dinləməsində bildirib ki, satışın “pauzaya” qoyulması İranla müharibə zamanı ABŞ ordusunun ehtiyac duyduğu sursat ehtiyatlarının qorunması ilə bağlıdır. Onun sözlərinə görə, Vaşinqton “Epik Qəzəb” əməliyyatı üçün lazım olan sursatın mövcudluğundan əmin olmaq istəyir.

MSNews.az xəbəri “Channel News Asia” nəşrinə istinadən təqdim edir.

Kao eyni zamanda ABŞ-da kifayət qədər sursat olduğunu vurğulayıb və xarici hərbi satışların administrasiya uyğun hesab etdiyi vaxt davam etdiriləcəyini bildirib. Bu açıqlama Pentaqon rəhbərliyinin daha əvvəl səsləndirdiyi “sursat çatışmazlığı yoxdur” mövqeyi ilə ziddiyyət yaratmır kimi təqdim olunsa da, Tayvan paketinin məhz, İran əməliyyatı fonunda dayandırılması Vaşinqtonun hərbi ehtiyatları ilə bağlı yeni suallar doğurub.

Tayvan üçün nəzərdə tutulan paketə hava hücumundan müdafiə sistemləri, raketlər və digər silahların daxil olduğu bildirilir. Bu paket hələ Donald Trampın təsdiqini gözləyir və Çin tərəfi ABŞ rəsmilərinin Pekinə səfəri ilə bağlı müzakirələri məhz, bu silah satışının taleyi ilə əlaqələndirir.

Məsələnin siyasi tərəfi də diqqət çəkir. Tramp daha əvvəl Tayvan üçün nəzərdə tutulan 14 milyard dollarlıq silah paketini Çinlə danışıqlarda “yaxşı danışıqlar kozırı” adlandırmışdı. Bu açıqlama Taypeydə narahatlıq doğurub. Tayvan Prezidenti Lay Tsin-de isə ABŞ silah satışlarının regional sabitlik üçün əsas çəkindirici amil olduğunu bildirib və Tayvanın “qurban verilməyəcəyini, alver predmeti olmayacağını” vurğulayıb.

Beləliklə, Tayvana silah tədarükünün dondurulması yalnız hərbi ehtiyatlarla bağlı texniki qərar kimi deyil, həm də ABŞ-Çin danışıqları fonunda daha geniş diplomatik oyunun elementi kimi qiymətləndirilir. Vaşinqton rəsmi olaraq qərarı İran əməliyyatı üçün sursat ehtiyatlarının təmin edilməsi ilə izah edir, lakin Trampın əvvəlki “danışıqlar kozu” açıqlaması bu addımın Pekinlə münasibətlərdə siyasi təzyiq vasitəsi kimi də istifadə oluna biləcəyini göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.