Ziyafətdə atəş açanın Tramp rəsmilərini hədəf aldığı bildirilir

"CBS News" mənbələrinə görə, Ağ Ev Müxbirləri Assosiasiyasının ziyafətində atəş açan Koul Allen Tramp administrasiyasının rəsmilərini hədəf almaq istədiyini deyib.

10

ABŞ-da Ağ Ev Müxbirləri Assosiasiyasının illik ziyafəti zamanı baş verən silahlı insidentlə bağlı yeni detallar açıqlanıb. “CBS News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, hadisədə şübhəli bilinən 31 yaşlı Kaliforniya sakini Koul Allen saxlanıldıqdan sonra Tramp administrasiyasının rəsmilərini güllələmək istədiyini deyib. Mənbələr onun konkret olaraq Prezident Donald Trampı hədəf aldığını demədiyini, “administrasiya rəsmiləri” ifadəsini işlətdiyini bildiriblər. 

Hadisə aprelin 25-də Vaşinqtondakı “Washington Hilton” hotelində, Donald Tramp və yüksək rütbəli rəsmilərin iştirak etdiyi ziyafət zamanı baş verib. “CBS News”-un məlumatına görə, Tramp və birinci xanım Melaniya Tramp Məxfi Xidmət əməkdaşları tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib, tədbir iştirakçıları arasında ciddi xəsarət alan olmayıb. Bir Məxfi Xidmət əməkdaşı isə güllə ilə vurulsa da, gülləkeçirməz jilet sayəsində vəziyyətinin yaxşı olduğu bildirilir.

Vaşinqton polisinin müvəqqəti rəisi Ceffri Keroll bildirib ki, şübhəli şəxs “Washington Hilton” hotelində keçirilən tədbirin təhlükəsizlik yoxlanışı məntəqəsinə doğru hücum edib. Onun üzərində qırma tüfəng, tapança və bir neçə bıçaq olub. Polis rəsmisinin sözlərinə görə, ilkin məlumata əsasən Allen hotelin qonağı olub və hazırda onun otağında nə tapıldığı araşdırılır.

Hadisənin təhlükəsizlik kameralarına düşən görüntüləri də yayılıb. WBAL-TV-nin məlumatına görə, videoda silahlı şəxsin yoxlama məntəqəsinə doğru sürətlə qaçdığı, bundan sonra hüquq-mühafizə əməkdaşlarının silahlarını çıxararaq müdaxilə etdiyi görünür. Tramp həmin görüntüləri sosial media hesabında paylaşaraq Məxfi Xidmətin operativ fəaliyyətini yüksək qiymətləndirib.

“CBS News” yazır ki, Allen Torrans şəhərində fəaliyyət göstərən “C2 Education” adlı repetitorluq şirkətində işləyib və 2024-cü ilin dekabrında “Ayın müəllimi” seçilib. “Caltech” də onun 2017-ci ildə universiteti bitirdiyini təsdiqləyib. Federal və yerli hüquq-mühafizə orqanları hadisədən sonra Kaliforniyanın Torrans şəhərində şübhəliyə məxsus olduğu güman edilən evdə axtarış aparıblar.

ABŞ prokuroru Cenina Pirro bildirib ki, Allen ilkin mərhələdə zorakı cinayət zamanı odlu silahdan istifadə və təhlükəli silahla federal əməkdaşa hücum ittihamları ilə üzləşəcək. Onun bazar ertəsi federal məhkəməyə çıxarılacağı, istintaq irəlilədikcə əlavə ittihamların da irəli sürülə biləcəyi bildirilir.

Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında hücumçunu “xəstə insan” və “təkbaşına hərəkət edən şəxs” kimi xarakterizə edib. Prezident bildirib ki, insidentin İran müharibəsi ilə bağlı olduğunu düşünmür, lakin istintaqın davam etdiyini vurğulayıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930