İranın ali rəhbəri Əli Xameneinin dəfn mərasimində xarici nümayəndə heyətləri ilə bağlı diqqətçəkən detal sosial şəbəkələrdə müzakirə yaradıb.
MSNews.az xəbər verir ki, yayılan videolarda mərasimə qatılan müxtəlif ölkə nümayəndə heyətləri salona daxil olarkən fərqli Quran ayələrinin səsləndirildiyi görünür. İran mediası və sosial şəbəkə istifadəçilərinin bir hissəsi bu ayələrin təsadüfi seçilmədiyini, ayrı-ayrı ölkələrə siyasi və diplomatik mesaj kimi ünvanlandığını iddia edir.
“Iran International” yazır ki, Xameneinin dəfn mərasimində xarici nümayəndə heyətləri üçün oxunan Quran ayələri diplomatik müzakirələrə səbəb olub. Nəşrin məlumatına görə, İran rəsmiləri ayələrin hər ölkə üçün xüsusi seçilib-seçilmədiyini izah etməsələr də, bir sıra İran mediası bunu “düşünülmüş mesaj” kimi təqdim edib.
Sosial şəbəkələrdə yayılan videolardan birində iddia olunur ki, Azərbaycan nümayəndə heyəti salona daxil olarkən “Ali İmran” surəsinin 139-cu ayəsi səsləndirilib.
“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!”
Türkiyə nümayəndə heyəti salona daxil olan zaman “Nisa” surəsinin 95-ci ayəsi oxunub.
“Zərər çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.”
Digər kadrlarda isə Səudiyyə Ərəbistanı nümayəndə heyətinin gəlişi zamanı başqa ayənin oxunduğu və bunun ayrıca müzakirəyə səbəb olduğu bildirilir.
“Iran International”ın digər məlumatında qeyd olunur ki, Səudiyyə Ərəbistanı nümayəndə heyəti Xameneinin tabutu önündə ehtiram göstərərkən “Ali İmran” surəsinin 13-cü ayəsi oxunub. Nəşr yazır ki, həmin ayədə Bədr döyüşündə iki dəstənin – müsəlmanlarla kafirlərin qarşılaşmasından bəhs edilməsi sosial şəbəkələrdə ayənin Səudiyyə Ərəbistanına yönəlmiş simvolik mesaj kimi şərh olunmasına səbəb olub.
“(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.”
Qətər nümayəndə heyəti salona daxil olarkən isə “Fəth” surəsinin 2-ci ayəsi səsləndirilib.
“Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!”
Mövzu ilə bağlı fərqli təhlillərdə də mərasimdə oxunan ayələrin İranın xarici siyasətindəki münasibətlər fonunda şərh edildiyi bildirilir. “Muslim Network TV” yazır ki, videolarda Pakistan, Hindistan və Səudiyyə Ərəbistanı nümayəndə heyətləri üçün fərqli ayələrin səsləndirildiyi görünür, lakin İran rəsmiləri bunun rəsmi siyasi mesaj olub-olmadığını açıqlamayıb.
Eyni zamanda, “Middle East Eye” bu hadisəni “dəfn diplomatiyası” kimi xarakterizə edərək yazır ki, Quran ayələri vasitəsilə Tehran müxtəlif ölkələrə münasibətini simvolik formada göstərmiş ola bilər. Bununla belə, bu yanaşma əsasən media və ekspert şərhlərinə əsaslanır, rəsmi təsdiq xarakteri daşımır.
Hadisənin diqqət çəkməsinin əsas səbəbi də məhz, ayələrin təsadüfi dini mərasim elementi kimi deyil, mümkün siyasi işarə kimi qəbul edilməsidir. Lakin İran tərəfinin rəsmi izah verməməsi səbəbindən bu iddialar hələlik ehtiyatla qiymətləndirilməlidir.