Baloqunun qırmızı kartı “Domino’s” aksiyasını aktivləşdirdi

ABŞ millisinin hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə Dünya Kuboku oyununda qırmızı kart alması "Domino’s"-un 1 milyon dollarlıq pulsuz pizza kampaniyasını işə salıb.

40

Dünya Kuboku 2026-da ABŞ millisinin Bosniya və Herseqovina ilə oyununda baş verən qırmızı kart epizodu Domino’s-un qeyri-adi reklam kampaniyasını aktivləşdirib.

MSNews.az “Domino’s”-un rəsmi açıqlamasına istinadən xəbər verir ki, şirkət turnirdən əvvəl ABŞ millisinin hər hansı futbolçusu qırmızı kart alacağı halda 1 milyon dollar dəyərində “Emergency Pizza” paylayacağını elan etmişdi. Kampaniyaya əsasən, əvvəlcədən qeydiyyatdan keçmiş iştirakçılar arasından 60 mindən çox qalib təsadüfi seçimlə pulsuz orta ölçülü, iki əlavəli pizza əldə edəcək.

Bu şərt ABŞ millisinin Bosniya və Herseqovinaya qarşı 1/16 final oyununda yerinə yetib. ABŞ millisi görüşdə 2:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Folarin Baloqun ilk hissənin sonunda hesabı açıb, lakin 64-cü dəqiqədə qırmızı kart alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, Malik Tillman ikinci qolu vurub və ABŞ növbəti mərhələyə vəsiqə qazanıb.

Baloqunun meydandan qovulması “Domino’s”-un 1 milyon dollarlıq pulsuz pizza kampaniyasının rəsmi şəkildə işə düşməsinə səbəb olub. Kampaniya ABŞ daxilində hüquqi tələblərə cavab verən və əvvəlcədən qeydiyyatdan keçmiş iştirakçılara şamil olunur.

Qırmızı kart səbəbindən Baloqun ABŞ millisinin Belçikaya qarşı 1/8 final matçını buraxacaq. Nəşr yazır ki, Dünya Kuboku qaydalarına əsasən, qırmızı kartdan sonra ən azı bir oyunluq avtomatik cəza tətbiq olunur və belə oyun epizoduna görə qərarın apellyasiyası mümkün deyil.

Baloqunun qırmızı kartı ABŞ futbol ictimaiyyətində müzakirələrə səbəb olub. “FOX Sports”-a danışan Kristian Pulişiç komandanın qırmızı kartdan sonra çətin vəziyyətə düşdüyünü, lakin oyunçuların birlik göstərərək qələbəni qoruduğunu bildirib.