Gimnast Qabriel Lenqton başı üstə yerə düşdü

İngiltərəli gimnast Gabriel Lenqton Birlik Oyunlarında turnikdən başı və boynu üstə yerə düşərək xəstəxanaya aparılıb. Son müayinələr zamanı ciddi xəsarət aşkarlanmayıb.

8

İngiltərəli gimnast Qabriel Lenqton Birlik Oyunlarında kişilər arasında komanda yarışının finalı zamanı turnikdən başı və boynu üstə yerə düşüb.

MSNews.az xəbər verir ki, hadisə iyulun 24-də Şotlandiyanın Qlazqo şəhərində keçirilən yarışın son rotasiyası zamanı baş verib. 19 yaşlı gimnast turnikdə hərəkətini tamamlayarkən dəmirdən ayrılaraq başı üstə döşəyə düşüb.

“Reuters” yazır ki, hadisədən sonra yarış dayandırılıb və tibbi heyət dərhal idmançıya müdaxilə edib. Lenqtona yarış meydanında bir neçə dəqiqə tibbi yardım göstərildikdən sonra onun baş və boyun nahiyəsi xüsusi vasitə ilə sabitləşdirilib. Gimnast xərəkdə arenadan çıxarılaraq əlavə müayinələr üçün xəstəxanaya aparılıb.

İngiltərə komandasının ilkin açıqlamasında Lenqtonun huşunun yerində olduğu, hərəkət etdiyi və həkimlərlə danışdığı bildirilib. Komanda hadisəyə operativ müdaxilə edən tibbi əməkdaşlara təşəkkür edib.

“The Guardian” sonrakı tibbi müayinələr zamanı idmançıda ciddi xəsarət aşkarlanmadığını və xəstəxanadakı müşahidədən sonra onun komandaya qoşulacağını bildirib. Bununla belə, Lenqtonun yarışların qalan hissəsində iştirak edib-etməyəcəyi barədə məlumat verilməyib.

Hadisə nəticəsində yarış təxminən 15 dəqiqə dayandırılıb. Lenqtona tibbi yardım göstərildiyi müddətdə televiziya yayımı da idmançının məxfiliyinin qorunması məqsədilə müvəqqəti olaraq kəsilib. Arenadakı tamaşaçılar gimnast xərəkdə çıxarılan zaman onu alqışlayıblar.

Lenqton İngiltərə komandasının heyətinə zədələnən altıqat olimpiya mükafatçısı Maks Uitloku əvəzləmək üçün sonradan daxil edilmişdi. Hadisənin yaratdığı sarsıntıya baxmayaraq, yarış bərpa olunub və İngiltərə komandası Kanadadan sonra ikinci yeri tutaraq gümüş medal qazanıb. Avstraliya isə bürünc medala sahib olub.