Norveç İraqı bombardman etdi

FIFA Dünya Kubokunun "I" qrupunda Norveç İraqı 4:1 hesabı ilə məğlub edib. Erlinq Holand Dünya Kuboku debütündə dubl edərək komandasının qələbəsində əsas rol oynayıb.

22

Norveç millisi 28 illik fasilədən sonra qayıtdığı Dünya Kubokuna qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, 2026 FIFA Dünya Kubokunun “I” qrupunda keçirilən İraq – Norveç qarşılaşması 4:1 hesabı ilə başa çatıb. Oyun ABŞ-ın Boston şəhərində keçirilib.

Norveçin əsas ulduzu Erlinq Holand mundial debütündə iki qol vuraraq komandasının qələbəsində həlledici rol oynayıb.

Holand 29-cu dəqiqədə David Möller Volfenin ötürməsindən sonra hesabı açıb. İraq isə 39-cu dəqiqədə cavab verib. Aymen Hussein baş zərbəsi ilə fərqlənərək İraqın Dünya Kuboku tarixində ikinci qolunu vurub.

Lakin bərabərlik uzun çəkməyib. 43-cü dəqiqədə Holand İraq qapıçısı Calal Hassanın səhvindən sonra topu tora göndərərək Norveçi yenidən önə keçirib.

İraq fasilədən sonra da mübariz oyun göstərsə də, Norveç ikinci hissədə üstünlüyünü artırıb. 76-cı dəqiqədə Leo Östiqard künc zərbəsindən sonra başla fərqlənərək hesabı 3:1 edib.

Oyunun son saniyələrində isə Norveç dördüncü qolu vurub. Epizodda top İraq futbolçusuna dəyərək qapıya daxil olub və yekun hesab müəyyənləşib — 4:1.

Hesab böyük fərqlə olsa da, İraq oyunun müəyyən hissələrində Norveçə ciddi problemlər yaradıb. Xüsusilə birinci hissənin son bölümü və ikinci hissənin bəzi epizodlarında İraq hücumları təhlükəli alınıb.

Bu qələbədən sonra Norveç “I” qrupunda ilk 3 xalını qazanıb və top fərqinə görə qrup liderliyinə yüksəlib. Qrupun digər oyununda Fransa Seneqalı 3:1 hesabı ilə məğlub edib.

İraq növbəti turda Fransa ilə, Norveç isə Seneqalla qarşılaşacaq.